Estrada ulduzları Zeytun Festivalının səhnəsində - FOTO
Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının ikinci günü də maraqlı təqdimatlar, xoş ab-hava və əyləncəli proqramla yadda qalıb.
Oktyabrın 24-də də Bakı Bulvarında qurulan pavilyonlarda istehsalçılar zeytun və zeytun məhsullarının geniş çeşidini təqdim ediblər.
Ziyarətçilərin festivala olan marağı nəzərə alınaraq tədbir məkanında səhər saatlarından axşamadək əyləncəli proqram təşkil olunub. Gün ərzində bulvarda səslənən musiqi, tanınmış sənətçilərin çıxışları festivalın bayram ovqatını tamamlayıb.
Həmin gün axşam konsertində reper və mahnı müəllifi Orxan Zeynallı, Mərdan Kazımov, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva tamaşaçılar qarşısında populyar hitlərini ifa ediblər.
Zeytun Festivalı Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, "Absheron Olive Gardens" və "Olivea" zeytun məhsullarının sponsorluğu ilə keçirilir.
Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.
Festival ərazisinə giriş, əyləncə və konsert proqramlarına qoşulmaq ödənişsizdir.
Festival oktyabrın 25-də də davam edəcək. Həmin gün pavilyonlarla tanışlıqla yanaşı, Xalq artisti Aygün Kazımova, Azad Şabanov, Zamiq Hüseynov, Teymur Süleymanbəyli, "Excellent band" və "Wave band"qruplarının konserti olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре