Cocuq Mərcanlı: böyük qayıdışın ilk dayanacağı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın ali məktəblərində təhsil alan 17 ölkədən 24 tələbə və media nümayəndələri Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

Day.Az report-a istinadən xəbər verir ki, səfərdə ümumilikdə 50 nəfər iştirak edib.

Səfər iştirakçılarını Cəbrayıl rayonunun icra başçısının müavini, rayonun Təhsil Şöbəsinin nümayəndələri və kənd sakinləri qarşıladı.

Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilib. Horadiz əməliyyatından 22 il sonra, ötən ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verərək hərb tariximizə daha bir şanlı səhifə yazıb. Minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olunub. Bu, Cocuq Mərcanlı kəndinin təhlükəsizliyini də möhkəmləndirdi. Prezidentin sərəncamına müvafiq olaraq, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri başlanılıb. Həmçinin, kənddə bu ilin fevral ayından 150 şagirdin təhsil alacağı məktəbin tikintisinin təməli qoyulub.

İştirakçılar Cocuq Mərcanlıda yeni bünövrəsi qoyulan məktəbin tikinti işləri ilə də tanış oldu, onlara 150 şagirdin təhsil alacağı məktəbin tikintisi barədə məlumat verildi.

Səfərdə təhsil nazirinin müavini Firudin Qurbanov da iştirak edirdi. O, əcnəbi tələbələrə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi barədə, Cocuq Mərcanlı kəndində düşmən tərəfindən törədilən vəhşiliklər haqda danışdı.

İştirakçılar Azərbaycan Prezidentinin sərəncamına müvafiq olaraq, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görülən tədbirlər, ərazidə aparılan minadan təmizləmə və tikinti işləri ilə bağlı yaxından tanış oldular.

Cəbrayıl rayonun icra başçısının müavini Tapdıq Nəsirov Cocuq Mərcanlı kəndində yaşamaq üçün 250-dən çox məcburi köçkünlərin müraciət etdiyini bildirdi: "Cocuq Mərcanlı kəndində 400-dən çox ailə mövcudur. Əvvəlcə həmin ailələrin yerləşməsi təmin olunacaq. Bu, böyük qayıdışın başlanğıcıdır".

T.Nəsirovun sözlərinə görə, Cocuq Mərcanlı kəndində 50 evin tikintisi bu ilin may ayının 25-nə qədər tamamlanacaq: "Guman edirik ki, məktəbin tikintisi yaya qədər başa çatacaq".

Cocuq Mərcanlıda tikinti işlərinə nəzarət edən İlham Həşimov qeyd etdi ki, kənddə inşa edilən evlər müxtəlifdir: "Kənddə tikilən evlər 2, 3 və 4 otaqlıdır. Belə ki, evlərdən 20-si 2 otaqlı, 25-i 3 otaqlı və 5-i isə 4 otaqlı olaraq nəzərdə tutulub. Ev və məktəb birmərtəbəli olacaq. İlkin mərhələ belə olacaq. Artıq evlərdə hörgü işləri başa çatmaq üzrədir, dam örtüyü artıq vurulub. Bu il may ayının sonlarında isə işlər yekunlaşacaq".

 

Səfərdə iştirak edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, Türkiyə Respublikasının vətəndaşı Can Akar ölkəmizə iki il əvvəl gəldiyini deyir. O, Cocuq Mərcanlı kəndində yenidənqurma işlərinin başlanmasına sevindiyini söyləyib. C.Akar Bakıya gəlməzdən öncə Azərbaycanın müharibə şəraitində yaşadığını bildiyini söyləyib: "Burada analar, atalar ağlayırdı. Şükür ki, Cocuq Mərcanlı kəndi bizdə, yəni Azərbaycandadır. Gördüyümüz kimi, burada yaşayış var, evlər və məktəb tikilir. İnşallah bundan sonra da yaxşı olacaq. Artıq heç kəsin anasının ağlamamasını və müharibənin başa çatmasını istəyirik. Cocuq Mərcanlı kəndində tikintilərin aparılmasına çox sevinirəm. Daha əvvəldən də deyildiyi kimi "bir millət, iki dövlətik" biz. İnşallah həmişə də belə olar. Müharibə bitər, adını dilimə gətirmək istəmədiyim insanlar da bu torpaqların ətrafına yaxınlaşmağa cürət edə bilməz..."

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi olan Mahmud Atar Pakistan İslam Respublikasının vətəndaşıdır. Əcnəbi tələbə Cocuq Mərcanlı kəndində gördükləri barədə danışıb: "Azərbaycan bizim qardaş ölkəsidir. Cocuq Mərcanlı kəndində evlərin tikilməsini Azərbaycanın uğuru kimi qiymətləndirirəm. Çünki kənd sakinləri öz doğma yurd-yuvalarına qayıdacaq. Bununla da şəhidlərin ruhu şad olacaq".

Rumıniyadan Azərbaycana 6 aylıq proqram çərçivəsində gələn və hazırda Dövlət İqtisad Universitetində təhsil alan Raul Putilean da Cocuq Mərcanlı haqda fikirlərini söyləyib. O, torpaqlarımızın Ermənistanın işğalından sülh yolu ilə azad edilməsini arzuladığını deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin digər tələbəsi olan Çin Xalq Respublikasının vətəndaşı Adila Adılı bildirib ki, səfər çərçivəsində ölkəmizin tarixi və Cocuq Mərcanlı haqda məlumat öyrənib.

Səfər zamanı 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsi ilə də tanış olduq. Ailənin başçısı Oqtay Həziyev bildirdi ki, 1994-cü il yanvarın 5-də ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatından sonra burada yaşayır: "İki qardaşıq və ailələrimizlə birgə yaşayırıq. Aprel döyüşləri zamanı da burada idik. Heç yerə getmədik. Çünki bura bizim doğma torpağımızdır. Əkin-biçinlə, heyvandarlıqla məşğul olaraq təsərrüfatımızı böyütmüşük. Mal-qara, toyuq-cücə saxlayırıq, arıçılıqla məşğuluq. Azərbaycan ordusuna güvənirik". 

Video: Modern.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Cocuq Mərcanlı: böyük qayıdışın ilk dayanacağı