Nizami Cəfərov: "Prezident İlham Əliyevin çıxışı rəqiblərimizi öz yerində oturtdu"

Day.Az представляет новость на азербайджанском языке.


"Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında dünyanın düşüncəsi, maraqları səviyyəsində çıxış elədi. Hətta bizim rəqiblərimiz də hazırlaşmışdılar ki, çoxlu suallar versinlər. İlk suallara o qədər aydın, dəqiq cavablar verildi ki, daha əlavə suallara ehtiyac olmadı. Suallara aydın, dəqiq və səmimi cavablar verildi".

Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasındakı çıxışında iki məqam onun üçün maraqlı oldu: Azərbaycan Prezidentinin dünya siyasətinə uyğun səviyyəsi və Azərbaycanın inkşafı.

"Bunlar ikisi bir-birini tamamlayan göstəricilər idi. Azərbaycan Prezidentinin həm çıxışı, həm dedikləri, həm suallara verilən cavablar bunların əsasında dayanırdı. Həm yüksək intellekt, həm görülən işlər, həm də Azərbaycanın beynəlxalq nüfuzu. Azərbaycan artıq Avropa Şurasında kifayət qədər hörməti olan bir ölkədir. Ölkəmizin dünyada həm iqtisadi, həm mədəni, beynəlxalq inkişafı ilə bağlı qazandığı səviyyə bizim üçün qürurverici bir haldır", - N.Cəfərov vurğulayıb.

Dünyada rəqiblərimizin olması ilə yanaşı dostlarımızın da olduğunu xatırladan millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin AŞPA-nın yaz sessiyasındakı uğurlu çıxışı dostlarımızı sevindirdi, rəqiblərimizi öz yerində oturtdu.

N.Cəfərov Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyə də münasibət bildirib.

"Biz artıq hücum taktikasındayıq. Hövsələmiz də artıq daralır. Bundan artıq danışıqlara getmək, dözmək mümkün deyil. Əgər bundan sonra da danışıqlar bu şəkildə gedəcəksə və bu xarakterdə olacaqsa, bu, Azərbaycan üçün qəbuledilməz bir haldır. Dünya üçün də xoşagəlməz bir haldır. Danışıqların bir nəticəsi olmalıdır. Söhbətlərlə prosesi hələ 100 il də uzatmaq olar. Bu Azərbaycanı təmin eləmir, gərək dünyanı da təmin eləməsin.

Azərbaycan Prezidenti hər sahədə olduğu kimi bu sahədə də sözünü açıq dedi və buna da alternativ yoxdur. Ya müharibə eləmək lazımdır, ya da konstruktiv söhbətə gəlmək lazımdır. Bu mənada prezidentin mövqeyi dəqiqdir və aydındır. Prezidentin və Azərbaycan dövlətinin siyasəti belədir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv danışıqlar olmalıdır. Bu beynəlxalq standartlara uyğun bir məsələdir. Danışıqlar prosesinin uzanması isə yalnız Ermənistanı və bu ölkəni müdafiə edən qüvvələri təmin edir", - millət vəkili əlavə edib.

Milli.Az