“26-lar”ın fotoları və monqol pulu satılan “bit bazarı” – FOTO
Day.Az представляет новость на азербайджанском языке.
30 qəpiyə köynək, Leninin büstü, "26-lar"ın fotoları, monqol pulu...
Əməkdaşımız paytaxtdakı bir rusun belə işləmədiyi "Rus bazarı"ndan yazır.
Hər həftənin şənbə, bazar günləri burada ənənəvi mallar yox, istifadəyə yararsız, köhnə, bəzən də kolleksiyaçıların marağını cəlb edəcək məhsullar satılır. Söhbət sovet vaxtından indiyədək fəaliyyət göstərən "Rus bazarı"ndan gedir.
Buranı "bit bazarı", "cındır bazarı" da adlandırırlar. Biz də bu qeyri-adi bazarla yaxından tanış olmaq üçün şənbə günü səhər Sabunçu rayonuna yollandıq. Bazar Sabunçu vağzalının qarşısında, 62 nömrəli avtobusun sonuncu dayanacağında yerləşir, bir neçə hissədən ibarətdir.
Burada meyvə-tərəvəz, paltar, ev quşları və istifadə olunmuş əşyalar satılır. Elə bu səbəbdən də digər bazarlardan fərqli, qeyri-adi görünür. Qeyri-adiliyi isə odur ki, bura çox adam təzə yox, işlənmiş mal almaq üçün gəlir. Leninin tunc büstü, monqol pulu, sovet vaxtından qalma qəpiklər, "26-lar"ın fotoları, yaşı əsri ötmüş kitab və jurnallar insanda elə təəssürat yaradır ki, sanki bu məkanda insanlar zamanı dayandırıblar.
Bazar 30 ildir hər həftənin şənbə-bazar günləri, səhər saat 8-dən günorta saat 2-3-ə qədər fəaliyyət göstərir.
Bu bazarda təzə yox, köhnə nə istəsəniz tapa bilərsiniz - köhnə paltarlar, mebel, ayaqqabı, elektrik ləvazimatları, mis və alüminium qablar, samovarlar, güzgülər, büllur güldan və vazlar, vaxtı dəqiq göstərməyən saatlar, patefonlar, yazı maşınları, qədim fotoaparatlar, köhnə filmlərin video kasetləri, zəif gözlər üçün eynəklər, sınıq oyuncaqlar və sair. Ancaq bu mallar heç ikinci əl keyfiyyətində də deyil.
Qeyd edək ki, bura "Rus bazarı" adlansa da, alver edənlərin əksəriyyəti azərbaycanlılardır. Satıcıların dediyinə görə, vaxtilə bu bazarda heç bir nəfərdə olsa azərbaycanlı işləmirmiş. 20 ildir ki, bazarda işləyən Sadiq dayı deyir ki, əvvəllər, yəni 41-45-ci illərdə bu bazarda ancaq ruslar işləyirmiş: "Ruslar o vaxtlar bu bazarda ancaq toxunma mallar, antik əşyalar satırdılar. SSRİ dağıldıqdan sonra rusların əksəriyyəti Rusiyaya getdi. Bundan sonra azərbaycanlılar burada məskunlaşdılar. İndi antik əşya ilə yanaşı köhnə geyimlər də satılır".
Bazara göz gəzdirərkən qiymətlərin çox ucuz, satılan malların isə heç ikinci əl keyfiyyətində olmadığını müşahidə etdik. Alıcı qismində satıcılara yaxınlaşıb qiymətlərlə maraqlandıq.
Bazarda pencək 1-2 manata, köynək 30-50 qəpiyə, ət çəkən maşın 3 manata, gül qabı 40 qəpiyə, avtomobilin yan güzgüsü 30 qəpiyə, ev telefonu isə 1 manata satılırdı. Burada nisbətən baha satılan qədimi qəpik pullardır. Antik əşyalar, qədim qəpik pullar satan Aydın dayı qəpik pulların öz müştəriləri olduğunu deyir: "Bu pullara qədimiliyinə görə qiymət qoyuram. Satdığım qəpiklərin qiyməti 10 manatdan 100 manatadək dəyişir. Satıcı deyir ki, keçmişdə bir dəfə iş adamına 600 manata qəpik satıb. İndi də bu qəpikləri daha çox antik əşyalara meyl edən kolleksiyaçıların, bəzən də iş adamlarının aldığını deyir".
Bir az irəlidə isə ucuz nimdaş paltarların satıldığını gördük. Satıcı qadına yaxınlaşıb qiymətlərlə maraqlandıq. Qadından öncə müraciət etdiyimiz satıcıların bəziləri jurnalist olduğumuzu bilib danışmaqdan imtina etdikləri, şəkillərini çəkməyə qoymadıqları üçün bizdə müştəri kimi özümüzü təqdim etdik.
Qadın satıcıdan bu paltarların haradan aldığını və neçəyə satdığını soruşduq. O, əşyaların onun özünə və yaxın ətrafına aid olduğunu və çox ucuz satdığını dedi. Bu paltarların alıcılarının olub olmadığını soruşduqda isə təsdiqi cavab verdi: "Niyə alıcılarım yoxdur ki. Var. Artıq 10 manat qazanmışam. Bu paltarları bizdən də kasıblar alır. Mən həmçinin, işlənmiş, köhnə pərdə, tül, yorğan, döşək üzü də satıram. Alıcılar paltarlardan daha çox köhnə pərdə almağa üstünlük verir. Bu cür əşyaları alanlar daha çox kirayədə yaşayanlar və ya həddindən artıq yoxsul olan insanlardır".
Bazarda gəzişərkən bir kişinin evinin əşyalarını satıcıya gətirib satdığını müşahidə etdik. Bu şəxsə yaxınlaşıb əşyalarını niyə satdığını soruşduq. Adının İqor olduğunu deyən 65 yaşlı kişi çörək pulu üçün bunu etdiyini söylədi: "Təqaüdüm azdır, mənə yetmir. Ona görə də evimdə qədimdən qalma əşyaları gətirdim ki satım. Bunlar artıq mənə lazım deyil. Evdə boş yerə durmaqdansa bir işə yarasınlar".
Xatırladaq ki, bu bazarda əşyalarla yanaşı, canlılar da satılır - ördək, qaz, hinduşka, tutuquşu, döyüşkən xoruzlar, dovşanlar, göyərçinlər. Quş satıcıları alverlərindən razı olduqlarını, hansısa quş almaq istəyən insanların əksəriyyətinin bura gəldiyini dedilər. Bazarda diqqət çəkən bir məqamda burada satıcıların və alıcıların arasında yaşlıların çoxluq təşkil etməsi idi.
Əlavə edək ki, "Rus bazarı" çox insanın ailəsinin çörək ağacıdır. Bazar yalnız həftə sonları fəaliyyət göstərməsinə baxmayaraq xeyli adam qazancını buradan çıxarır. Satıcılar problemlərdən danışmağa çəkinsələr də, onlardan yer haqqının alındığını öyrəndik. Başqa bir şikayətləri yox idi...
"Yeni Müsavat"
Böyütmək üçün şəkillərə klikləyin.





Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре