Dağlıq rayonlara güclü qar yağır Day.Az представляет новость на азербайджанском языке.

Ötən gün axşam saatlarından başlayaraq Daşkəsən və Gədəbəy rayonlarında qarlı-şaxtalı hava müşahidə olunur. Yaz fəslində qəfil dəyişən hava sakinləri, xüsusilə də sürücüləri təşvişə salıb. Kəpəz TV (Region TV) xəbər verir ki, vəziyyətlə əlaqədar aidiyyəti strukturlar gücləndirilmiş iş rejiminə keçiblər.

Daşkəsən rayonunun mərkəzində qarın qalınlığı 30, nisbətən yüksək ərazilərdə isə 43 santimetrə çatıb. Yolları qardan və buzdan təmizləmək üçün ağır texnika və işçi qüvvəsi səfərbər edilib. Buna baxmayaraq, qarlı-şaxtalı hava sürücülərin işini bir qədər çətinləşdirib.

İqbal İsmayılov: "Gecədən bura qar yağır. Qara yağanda yollarda təhlükə qaçılmazdır. Ona görə də yollara duz səpirlər".
Bu cür hava şəraitinə alışmayan bəzi sürücülər problemlə üzləşiblər. Hətta Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil yolunda qəzalara da rast gəlinib.
Yağan qar bədbəxt hadisəni qaçılmaz edib. Belə ki, Gəncə-Daşkəsən yolu ilə hərəkət edən "VAZ 21011" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə aşıb.

Əli İmanov
, sərnişin: "Sürət 40-50 olardı. Yollar qar idi. Qarşıdan avtomobil gəlirdi. Nə qədər kənar çəkdik alınmadı. Avtomobil sürüşdü".
Daşkəsən rayon İcra Hakimiyyətindən bildirilib ki, avtomobillərin normal hərəkəti üçün yollar nəzarətdə saxlanılır. Əhalinin elektrik enerjisi və təbii qazla təchizatı da normal qaydadadır.

Digər dağ rayonu olan Gədəbəydə də qarlı-şaxtalı hava müşahidə olunur. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hazırda rayon mərkəzində qarın qalınlığı 5 santimetrə çatıb. Ancaq yağan qar ciddi problemlərə yol açmayıb. Kəndlərlə rayon mərkəzini birləşdirən yollar açıqdır. İşıq və qaz verilişində uzunmüddətli fasilələr müşahidə olunmur.

Milli.Az