Peşə Təhsili üzrə Dövlət Agentliyi və Holcim əməkdaşlığa başladı - FOTO (R)

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Holcim əməkdaşlıq haqqında Memorandum imzalayıb. Sənəd tikinti sahəsində peşə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətləri nəzərdə tutur.
Tikinti sektoru Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verir və 2024-cü ildə ölkənin ÜDM-nin 6%-ni təmin edir. Bu sektor genişlənməkdə davam edir və ölkənin iqtisadi inkişafının dəstəklənməsində həyati rol oynayır. Holcim Azərbaycan tikinti sektoruna yüksək keyfiyyətli məhsulların geniş çeşidini təqdim edir. Bunlara sement, TECTOR markalı yapışdırıcı və quru inşaat qarışıqları, beton, innovativ sementlər və yüksək effektivliyə malik betonlar üçün CORSO kimyəvi qatqıları daxildir. Bundan əlavə, məhsul çeşidinə yüksək möhkəmliyi və ideal geometriyası ilə seçilən GEOBRICK sement tərkibli kərpiclər də daxildir.
Şirkət, həmçinin tikinti sektorunun "yaşıl keçid" prosesində lider mövqedədir. O, Cənubi Qafqazda ekoloji cəhətdən dayanıqlı tikinti materiallarını - ECOPlanet sementini (2022-ci il) və ECOPact betonunu (2024-cü il) bazara çıxaran ilk sement istehsalçısı olmuşdur. Bu məhsullar CO₂ emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması üçün hazırlanmışdır.
Yeni texnologiyalar ustalardan müasir bilik və bacarıqlar tələb edir. Bu, xüsusilə "Holcim"in həyata keçirdiyi "USTA MƏNƏM!" müsabiqəsindən sonra daha aydın görünməyə başladı. Müsabiqə ölkənin müxtəlif bölgələrindən yüzlərlə ustanı bir araya gətirdi, hörgü və suvaq peşələrinin aktuallığını göstərdi. Eyni zamanda, bu sahədə peşəkarlığın artırılmasının sistemli yanaşma tələb etdiyini ortaya qoydu.
Tərəflər yeni təhsil proqramlarının hazırlanması, müəllim və ustalar üçün birgə təlimlərin və ustad dərslərinin təşkili və müsabiqələrin keçirilməsi barədə əməkdaşlıq etməyi planlaşdırır. Eyni zamanda, davamlı tikinti prinsiplərinin mövcud peşə təhsil proqramlarına inteqrasiyası ilə bağlı təklifin hazırlanması nəzərdə tutulur.
"Bu əməkdaşlıq sənaye ilə təhsili, təcrübə ilə tədrisi birləşdirməyə imkan verəcək. Biz istəyirik ki, peşə təhsil müəssisələrini bitirən gənclər müasir tikinti materialları ilə işləmək bacarığına sahib olsunlar. Fikrimizcə bunun ən yaxşı və səmərəli yolu Holcim kimi qabaqcıl şirkətlərlə əməkdaşlıqdan keçir" - Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov çıxışında bildirib.
"Bu tərəfdaşlıq bazarın tələblərinə cavab verən mütəxəssislərin sistemli şəkildə hazırlanması üçün imkan yaradır. Birgə səylərimizlə tikinti peşələrinin nüfuzunu və keyfiyyətini artıracağımıza inanırıq," - "Holcim Azərbaycan" şirkətinin baş direktoru Serjiu Stoykov qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре