Bu istiqamətdə marşrutun fəaliyyəti bərpa olunur

Yay mövsümündə paytaxtdan çimərlik ərazilərinə və şəhərətrafı istirahət məkanlarına sərnişin tələbatının artması nəzərə alınaraq, iyulun 18-dən etibarən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə "Sea Breeze" istirahət mərkəzini əlaqələndirən 150E nömrəli ekspres marşrut üzrə avtobusların hərəkəti yenidən təşkil ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Day.Az-a bildirilib ki, marşrut üzrə avtobuslar həftənin şənbə və bazar günləri metronun "Koroğlu" stansiyasının cənub çıxışından ("Piramida" tərəf) hərəkətə başlayacaq. Sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə avtobusların marşrut xətti üzrə bir neçə aralıq dayanacaqda dayanması nəzərdə tutulur.

150E nömrəli ekspres marşrut üzrə avtobusların dayanacaqları aşağıdakılardır:

Heydər Əliyev prospekti (yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);

Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);

Mərdəkan prospekti (Binə qəsəbəsi);

Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);

5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);

Bilgəh Kardioloji Sanatoriyası;

Bilgəh-Pirşağı yolu (çimərlik ərazisi);

"Sea Breeze 1";

"Sea Breeze 2".

Böyük tutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqəlik hərəkət intervalı ilə xidmət göstərəcək. Marşrut üzrə gedişhaqqı 0,90 manat təşkil edir. Avtobuslarda ödəniş yalnız nağdsız formada həyata keçiriləcək.