Yeni təmir olunan bu yollarda çökmələr yarandı - VİDEO
Paytaxtın bir sıra küçə və prospektlərində çəkilən yollar qısa müddət ərzində dağılır, çöküntü və çuxurlar sürücülər üçün ciddi narahatlıq yaradır. Problem təkcə avtomobil yollarında deyil, velosiped zolaqlarında da müşahidə olunur. Xüsusilə 8 Noyabr prospekti, Xətai rayonu və Günəşli qəsəbəsində yol örtüyünün vəziyyəti narazılığa səbəb olur. Sürücülər bildirirlər ki, çuxurlar avtomobillərin təkərlərinə zərər vurur, avtobusların hərəkətini çətinləşdirir, velosipedçilər üçün isə qəza riski yaradır.
Day.Az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu yolların qısa müddətdə sıradan çıxmasını keyfiyyətsiz icra və təhvil-təslim mexanizminin düzgün qurulmaması ilə əlaqələndirir.
Onun sözlərinə görə, yol tikintisində podratçı şirkətlərin məsuliyyəti dəqiq müəyyənləşdirilməli, çəkilən yolların keyfiyyətinə uzunmüddətli zəmanət verilməlidir. Qurumlar arasında əlaqənin və nəzarətin zəif olması isə problemlərin vaxtında aradan qaldırılmasına mane olur.
Ekspert vurğulayır ki, keyfiyyətsiz yollar həm vətəndaşlara, həm də dövlət büdcəsinə əlavə zərər vurur. Sürücülər avtomobillərinə dəyən ziyana görə müvafiq sənədləri toplamaqla məsul qurumlara qarşı məhkəməyə müraciət edə bilərlər. Yol tikintisinə ayrılan vəsaitin səmərəli istifadəsi, keyfiyyətə nəzarətin gücləndirilməsi və icraçıların məsuliyyətinin artırılması problemin həlli üçün əsas şərtlərdir.
Ətraflı "Xəzər TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре