Növbəyə durma mədəniyyətini necə mənimsəyək

Day.Az представляет новость на азербайджанском языке.

Sizi bilmirəm, ancaq mən jurnalist fəaliyyətimlə əlaqədar tez-tez ora-bura getdiyimdən növbəyə duranları, daha doğrusu, növbə üstündə dava salanları çox görürəm.

Nə məsələdirsə, bizdə bir çox hallarda növbə ardıcıllığı pozulur və aləm dəyir bir-birinə.

Etikadan, estetikadan, ay nə bilim, müasir elitadan danışan adam bir də görürsən, növbədə qabağa düşmək üçün elə yersiz hərəkətə yol verir ki, çaşıb qalırsan. Bəli, kim nə deyir desin, bizim cəmiyyətdə əksər insanların növbəyə durmaq və ya növbəyə durmamaq problemi var. Əgər dediyimizə şübhə edirsinizsə, metroda, bankda, mağazada kredit və ya kommunal borclarını ödəmək üçün "paypoint" ödəmə terminalı qarşısında növbə tutan insanlara diqqət yetirin.

Başlanğıcda hər şey qaydasında getsə də...

Məlum məsələdir ki, növbəyə duran adamların hər birinin özünə görə iş-gücü, problemləri, qayğıları var. Bu mənada, hər kəs öz növbəsinin çatacağı anı gözləyir. Təbii ki, xəstələr, qucağı uşaqlı analar bu məqamda nəzərə alınırlar. Yəni növbələri çatmasa da onlara öz işlərini görmələri üçün şərait yaradılır. Tək-tük adam tapılar ki, bu anda özünü görməzliyə vursun. Görməzliyə vuranlara münasibət isə heç də həmişə yaxşı olmur...

Lakin başlanğıcda hər şey qaydasında getsə də, sonradan problem başlayır. Elə bil mütləq kimsə tapılır ki, növbəni pozsun. Yeri gəlmişkən, bizdə sonradan gələnlər əksər hallarda öncədən növbəyə duranlardan "axırıncı kimdir" soruşurlar. Axırıncı kimdirsə, "mənəm" deyə cavab verir, amma. "Amma" sonra dönüb olur "əmma".

Müşahidələr göstərir ki, Problemin yaranmasının bir neçə səbəbi var. Əsas səbəblərdən biri də odur ki, basırıq olan zaman həm də səs-küy olduğundan "axırıncı kimdir" sualı verənlərə sonuncu şəxs düzgün göstərilmir. Məsələn, bir-birindən xəbərsiz iki nəfər "axırıncı mənəm" cavabını verir. Beləcə, bəzən hər iki şəxsin arxasında bir-bir xəbərsiz növbə başlayır. Növbə həmin şəxslərə çatanda isə aləm dəyir bir-birinə. İndi gəl... Vay o gündən ki, harasa tələsəsən və belə bir vəziyyət başına gələ. O zaman bəri başdan zəng vurub bir az gecikməli olacağam söyləmək məsləhətdir.

Ağsaqqalın iradı

Həkim növbəsində, pensiya növbəsində, kassa qarşısında eyni vəziyyəti müşahidə etmək olar. Növbəyə duranlar yaşlı da, cavan da olsa dəxli yoxdur, mütləq bir nəfər tapılır ki, aranı qarışdırsın. Əgər növbə təzəcə başlayıbsa və ya növbəyə duranlar işlərini tez-tez görürlərsə, insanlar yaranmış anlaşılmazlığı "həzm" edə bilirlər. Amma elə ki, növbəyə duranlar yorulublar o zaman...

Hərdən növbəni pozanlar tənbəllik etməyib başqalarına minnət də vururlar. Yəni oğru elə çığırdı ki, doğrunun bağrı yarıldı. Görünür niyyətlərini bildiklərindən özlərini əvvəlcədən buna hazırlayırlar.

Srağagün poliklinikada nevropotoloqun kabinetinin qarşısında növbəyə durarkən də təxminən buna bənzər vəziyyətin şahidi oldum. Növbəyə duranlar təxminən 2 qrupa ayrılmışdılar. Hər iki tərəf növbənin onlarda olduğunu söyləyirdi. Bu vəziyyətdən bezən ağsaqqallardan biri dözməyib necə əsəbləşdisə, diqqətləri özünə cəlb etdi. O: "80 yaşım var, harda növbəyə düşmüşəmsə, eyni şeyi görmüşəm. Biz növbəyə dura bilmirik".

Həyatda necəyiksə...

Bəs növbəni pozanlar kimlərdir? Psixoloqlar hesab edirlər ki, biz real həyatda necəyiksə, növbəyə durarkən də eləyik. Yəni həyatda qeyri-dəqiq, əsəbi, tələskən insanlar növbəyə durarkən də eyni hərəkətlərini davam etdirirlər. Belələri hər şeyə şəxsi prizmadan yanaşdıqlarından növbə ardıcıllığına əməl etmirlər. Belələri üçün ictimai qınaq o qədər də önəmli deyil. Əsas odur ki, bir variantla irəli keçib işlərini tezləşdirə bilsinlər. Sonra kim nə deyir desin.

İş lap qəlizləşəndə onlar hətta "qara məni basınca, qoy qaranı mən basım" taktikasını seçirlər. İctimai qınaqdan və ya mübahisələrə səbəb ola biləcək narazılıqdan az-çox çəkinənlər isə heç bir halda növbəni pozmurlar.

Növbəyə riayət etməmək ictimai qaydanı pozmaq hesab olunur


Psixoloqlar qeyri-adi bir hadisə baş verməyibsə, tələsməyi məsləhət görmürlər. Çünki növbəpozmaya görə yaranan mübahisələr bəzən insanların sərt əsəbləşmələrinə gətirib çıxarır ki, bu da qan təzyiqinin yüksəlməsinə, şəkərin qalxmasına, ürək ağrılarına, sarsıntılara səbəb olur. Halbuki, 5 dəqiqə qabağa düşmək üçün buna dəyməz.

Növbəyə bir-birinə hörmət etməklə, diqqət göstərməklə də durmaq mümkündür. Cığal adamlara öz haqqını yedirtməmək şərti ilə. Yox əgər görsəniz ki, qarşıdakı adamı başa salmaq çətin olacaq, anlamaq istəmir o zaman çənənizi boş yerə yormayın. Çünki sağlamlığınız, rahatlığınız sizin üçün hər şeydən önəmlidir. Növbəyə durmaq da bir növ mədəniyyətdir. Hər kəs öz mədəniyyətini göstərir.

Bir çox ölkələrdə isə növbəyə riayət etməmək ictimai qaydanı pozmaq hesab olunur ki, bunun da öz cəriməsi var...

"Zaman Azərbaycan"