Ermənistan hakimiyyəti erməni cəmiyyətində onlara qarşı vəziyyət gərginləşdiyi dövrdə "Qarabağ kartı"ndan istifadə edir

Ermənistanda hakimiyyətdə olan bütün siyasi qüvvələr erməni cəmiyyətində onlara qarşı vəziyyət gərginləşdiyi dövrdə "Qarabağ kartı"ndan istifadə edirlər.

Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi siyasi icmalçı Ramil Məmmədli deyib.

O bildirib ki, qoşunların təmas xəttində vəziyyəti gərginəşdirməklə, təxribat hərəkətləri etməklə, öz ölkələrində mövcud problemləri unutdurmağa çalışırlar: "Artıq son bir neçə ayda Ermənistan hərbi birləşmələrinin cəbhəboyu istiqamətdə etdiyi təxribatlar da bu məqsədə söykənir. Erməni cəmiyyəti də uzun illərdir siyasi liderlərinin bu oyunlarının qurbanına çevrilir. Uzun illərdir Ermənistan Ordusu haqqında yaradılan mif, hər dəfə darmadağın olur. Lakin ermənilər bu oyunların qurbanı olmaqdan "yorulmurlar". Bu gün də həmin proses davam edir və avantürist erməni siyasi liderlər Azərbaycanı təxribata çəkməyə çalışırlar. Hətta bu təxribatın qurbanı kimi üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı hərbi müttəfiqlərini də cəlb etməyə çalışırlar. Buna bənzər oyun 2016-cı ildə aprel döyüşləri zamanı da baş vermişdir. Həmin dövrdə Azərbaycan rəhbərliyinin düzgün diplomatik fəaliyyətinin bəhrəsi olaraq, Ermənistan 2016-cı ildə heç öz müttəfiqləri tərəfindən də dəstəklənməmişdi. Bu gün də həmin vəziyyətdir. Ermənistan işğalçılıq siyasətinə haqq qazandırmaq və qüvvələri Azərbaycana qarşı yönəltmək üçün manevr edir. Hətta beynəlxalq təşkilatları belə aldatmağa cəhd göstərir. Bu onu deməyə əsas verir ki, Ermənistan sülh danışıqlarında maraqlı deyil və sadəcə vaxt qazanmağa çalışır. Ermənistanın son 3 dövlət başçısı eyni yolu tutaraq, işğal faktını aradan qaldırmaqdan yayınırlar. Bu rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur".

Hərbi ekspert bildirib ki, Tovuz istiqamətində Ermənistan hərbi birləşmələrinin Azərbaycan mövqelərinə hücumu da buna bir misaldır: "Əslində Ermənistan bu təxribatı ilə bir daha sübut etdi ki, münaqişədə tərəf odur. Bununla Baş nazir Nikol Paşinyan da ifşa olundu. Çünki o, dəfələrlə beynəlxalq tədbirlərdə Ermənistanın tərəf olmadığını və bununla da separatçıları danışıqlar masasında oturtmağa çalışır. Demək, Paşinyan digər erməni siyasətçiləri kimi böyük yalançıdır. Ona görə də Tovuz istiqamətində yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".