Alimenti uşağa yox, özünə xərcləyən ananı nə gözləyir? - Hüquqi İZAH
Azərbaycan qanunvericiliyinə görə, aliment mütləq şəkildə uşağın maddi ehtiyaclarının (qida, geyim, təhsil, tibbi xərclər) qarşılanmasına xidmət etməlidir. Əgər ana alimenti uşağa deyil, birbaşa öz şəxsi ehtiyaclarına xərcləyirsə, digər tərəfin (atanın) məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, aliment ödəyən valideynin tələbi ilə məhkəmə aliment məbləğinin 50 faizdən çox olmayan hissəsinin birbaşa yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxara bilər. Bu mexanizm ananın pulu təyinatı üzrə xərcləməsinin qarşısını almaq və uşağın gələcək təminatını qorumaq üçün nəzərdə tutulub.
Qanunvericilikdə ananın alimenti özünə xərcləməsinə görə birbaşa nağd pul cəriməsi və ya cinayət məsuliyyəti kimi xüsusi bir cəza maddəsi mövcud deyil. Lakin ana bu hərəkəti ilə uşağı mütəmadi olaraq lazımi qidadan, geyim və tibbi xidmətdən məhrum edərsə, bu, uşağın hüquqlarının pozulması və valideynlik vəzifələrinin yerinə yetirilməməsi kimi qiymətləndirilir. Belə hallarda, Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlik vəzifələrini qəsdən yerinə yetirmədiyinə və ya uşaqla amansız rəftar etdiyinə (maddi cəhətdən məhrum buraxmaqla) görə ananın valideynlik hüquqlarının məhdudlaşdırılması və ya bu hüquqlardan tamamilə məhrum edilməsi məsələsi qaldırıla bilər. Nəticədə məhkəmə uşağın yaşayış yerini dəyişdirərək onu ataya verə bilər və bu halda aliment öhdəliyi ananın üzərinə keçir.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре