Bakı Bəyannaməsi Azərbaycanın geosiyasi istiqamətdə atdığı növbəti uğurlu addımdır

Azərbaycan, Türkiyə və Pakistan arasında imzalanmış birgə Bakı Bəyannaməsi regional və beynəlxalq miqyasda yaranan yeni geosiyasi müstəvinin təməlində duran üç nəhəng sütundan biridir. Bu sütunlardan birincisi Azərbaycanın Ermənistan üzərində 44 günlük müharibə nəticəsində qalib gəlməsini özündə ehtiva edən 10 noyabr tarixli üçtərəfli razılaşmadır. Bu razılaşma ilə Azərbaycan postsovet məkanında ən qəliz münaqişələrdən biri olan Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoydu və Cənubi Qafqaz regionunda yeni siyasi düzən formalaşdırdı. İkinci sütun Türkiyə prezidenti R.T.Ərdoğanın Şuşaya səfəri nəticəsində Türkiyə və Azərbaycan arasında birgə Şuşa Bəyannaməsinin imzalanması oldu. Şuşa Bəyannaməsi müttəfiq və qardaş olan iki dövlətin ittifaqını daha da genişləndirib, dərinləşdirdi. Azərbaycan və Türkiyə arasında mövcud ittifaqa Pakistanın da Bakı bəyannaməsi ilə qoşulması yeni geosiyasi müstəvinin üçüncü sütununu təşkil edir.

Bunları Trend-ə millət vəkili Tamam Cəfərova deyib.

Millət vəkili qeyd edib ki, iyulun 27-də Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüş çərçivəsində Bakı Bəyannaməsinin imzalanması hər üç ölkənin parlamentarizm tarixində önəmli hadisələrdən biridir. Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan arasındakı strateji əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək. Təməli qoyulan üçtərəfli parlamentlərarası əməkdaşlıq formatı çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi və həlli üçün yeni bir platforma yaranır. Eyni zamanda parlament sədrlərinin birinci üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsinin imzalanması isə strateji məsələləri özündə ehtiva edir. Atılan bu addım ölkələr arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə, strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə yeni imkanlar yaradacaq".

Bəyannamənin mətninin təhlilinə keçməmişdən öncə onu imzalayan aktorların kimliyinə diqqət yetirməyin zəruriliyini vurğulayan Tamam Cəfərova deyib ki, Azərbaycan - bir çox təbii və süni maneələrə rəğmən beynəlxalq güclərin himayəsi altında olan Ermənistana qalib gələn və Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyat və orduya malik olan ölkədir. Türkiyə NATO-da Birləşmiş Ştatlardan sonra ikinci güclü orduya malik, Qara dəniz, Mərmərə dənizi, Aralıq dənizinə çıxışa malik olan, Yaxın Şərq, Şimali Afrika, Cənubi Qafqaz və Mərkəzi Asiyada böyük nüfuza sahib olan, iki qitədə yerləşən regional gücdür. Pakistan - nüvə silahlı qüdrətli orduya, güclü kəşfiyyat sisteminə və böyük əhaliyə malik beynəlxalq oyunçudur. Bu üç oyunçunun birlikdə imzaladığı istənilən siyasi-hüquqi sənəd öz-özlüyündə digərlərini hesablaşmağa məcbur edən beynəlxalq əhəmiyyətli sənədə çevrilir.

Millət vəkilinin fikrinə görə, məhz bu üç ölkənin bir araya gəlməsi də təsadüfi bir hal deyil. Türkiyə və Pakistan Azərbaycanın müstəqilliyini tanıyan birinci və ikinci ölkələrdir, hər iki ölkə ilə Azərbaycanın münasibətləri daima yüksələn xəttlə inkişaf edib və bu əməkdaşlıq Azərbaycan üçün II Qarabağ müharibəsi kimi çətin imtahanda digər bəzi ölkələrdən fərqli olaraq kağız üzərində qalmayıb, real mənəvi və diplomatik dəstəyə çevrilmişdi.

Bakı Bəyannaməsinin mətnində "xaricdən dəstəklənən terror hücumları, kiber hücumlar, dezinformasiya kampaniyalarına qarşı" əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb. Bəyannamənin bu hissəsi xüsusi diqqət tələb edir. Beləki, Türkiyə NATO üzvü kimi digər üzv ölkələri ilə birlikdə qarşılıqlı kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirir. Pakistan "İnter-Services İntelligence" kəşfiyyat orqanı isə dünyanın ən güclü xüsusi xidmət orqanlarından biri hesab olunur. Nəhayət Azərbaycan 30 ilə yaxın Ermənistan kimi terrorçu bir ölkə ilə mübarizə apardığına görə terrorla mübarizə istiqamətində böyük təcrübə əldə etmişdir. Nəticədə hər üç tərəfin bir-birini daha da gücləndirəcək vasitələri vardır. Azərbaycanın Ermənistanın terorçu fəaliyyəti haqqında topladığı məlumatlar Türkiyəyə Yaxın Şərqdə həyata keçirtdiyi anti-terror əməliyyatları zamanı xüsusilə faydalı ola bilər.

Millət vəkili bildirdi ki, dezinformasiya kampaniyalarına qarşı mübarizə hər üç ölkənin əziyyət çəkdiyi vacib məsələlərdən biridir. Hal-hazırda Birləşmiş Ştatlarda erməni lobbisi tərəfindən Azərbaycan və Türkiyəyə qarşı həyata keçirilən fəaliyyət gerçəklikdə xristian həmrəyliyi ilə pərdələnmiş dezinformasiya kampaniyasıdır. Bu tip kampaniyalar dünya ölkələrində adətən islamofobiya ilə paralel olaraq aparılır. Bu qəbildən bəyannamədə "hibrid müharibələr və islamafobiyaya meylli ölkələr" ifadəsinin işlədilməsi və onlara qarşı fəaliyyət lazımınca dəyərləndirilməlidir. İslamofobiya Pakistanın da üzləşdiyi əsas problemlərdən biridir. Ümumən islama qarşı aparılan əsassız ideoloji "səlib yürüşləri" digər xalqların gözündə islamı və müsəlmanları gözdən salmağa istiqamətlənmişdir. Bunun isə Pakistan üçün geosiyasi anlamda nəticəsi ona qarşı potensial koalisiyaların çoxalması və nüvə silahın tərkisilah olunmasının tələb edilməsi ola bilər.

Deyilənlərdən belə qənaətə gəlmək olar ki, Bakı Bəyannaməsi Azərbaycanın yaxın gələcək üçün hədəflədiyi geosiyasi məqsəd istiqamətində atdığı növbəti uğurlu addımdır.