Prezident İlham Əliyev Çex Respublikasının Baş naziri ilə görüşüb - FOTO - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, COP29 tədbirinə dəvətə görə minnətdarlığını ifadə edən Petr Fiala Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu bildirdi. Çex Respublikasının Baş naziri COP29-un yüksək səviyyədə təşkil olunduğunu vurğuladı və bununla bağlı dövlətimizin başçısını təbrik etdi. O, COP miqyasında tədbirin belə bir qısa müddətdə təşkil edilməsinin heç də asan olmadığını vurğuladı.
Qonaq qeyd etdi ki, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyətini əks etdirən çox gözəl təqdimat nümayiş olunub.
Dövlətimizin başçısı Azərbaycan tərəfindən COP29-a hazırlıq tədbirlərinin qısa müddət ərzində yüksək səviyyədə həyata keçirildiyini və digər COP sədri ölkələrindən fərqli olaraq, bizim hazırlıq üçün çox az vaxtımızın olduğunu vurğuladı.
Tədbirin mahiyyəti üzrə aparılan danışıqlar prosesində artıq irəliləyişlərin əldə olunduğunu, qısa müddət ərzində gündəliyin razılaşdırıldığını deyən Prezident İlham Əliyev bu xüsusda vurğuladı ki, 10 ildən çoxdur müzakirələrin aparılmasına baxmayaraq, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı indiyədək irəliləyişlər əldə olunmamışdır. Ancaq dünən məhz Bakıda bununla əlaqədar müvafiq irəliləyişlərin olduğunu vurğulayan dövlətimizin başçısı bunu müsbət addım kimi qiymətləndirdi.
Prezident İlham Əliyev 2022-ci ildə Avropa Siyasi Birliyi çərçivəsində Çex Respublikasına səfərini məmnunluqla xatırladı.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре