100 manatlıq "fürsət" cibinizə baha başa gələ bilər
Sosial şəbəkələrdə cəmi 100 manata yaxta turu və ya dəniz kənarında səhər yeməyi vəd edən elanlar son vaxtlar geniş yayılıb. Bu cür paylaşımlar çox vaxt vətəndaşları aldatmaq məqsədi daşıyır. Fırıldaqçılar əvvəlcədən ödəniş tələb edir, vəsait göndərildikdən sonra isə ya əlaqəni kəsirlər, ya da təklif edilən xidmətin əslində mövcud olmadığı məlum olur.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, keçən yay bu tip saxta səhifələrə qarşı müəyyən tədbirlər görülsə də, cari mövsümdə eyni üsulla fəaliyyət göstərən yeni hesabların sayı yenidən artıb.
Sakinlərin sözlərinə görə, belə hallardan qorunmaq üçün insanlar daha diqqətli olmalı, xüsusilə süni intellektin geniş istifadə olunduğu dövrdə doğru məlumatı saxtadan ayırmağı bacarmalıdırlar. Onlar hesab edirlər ki, internet üzərindən edilən bu cür dələduzluqlara laqeyd yanaşmaq düzgün deyil.
Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Bəxtiyar Həsənov bildirir ki, hər hansı kampaniya və ya endirim təklifinə inanmazdan əvvəl onun hansı şirkət tərəfindən təqdim olunduğunu yoxlamaq vacibdir. Onun sözlərinə görə, bunu axtarış sistemləri və ya şirkətin rəsmi sosial media hesabları vasitəsilə dəqiqləşdirmək mümkündür. Əgər məşhur bir brendin adı saxta şəkildə istifadə olunursa, adətən həmin şirkət öz rəsmi platformalarında bununla bağlı xəbərdarlıq paylaşır.
Mütəxəssis əlavə edir ki, çox kiçik məbləğ qarşılığında böyük endirimlər, bahalı xidmətlər və ya qiymətli hədiyyələr vəd edən təkliflərə ehtiyatla yanaşmaq lazımdır. Ödəniş etməzdən əvvəl məlumatların etibarlılığı yoxlanmalı, təklifin həqiqətən mövcud olduğuna əmin olunmalıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре