Azərbaycan ailəsi ərəb ailəsinə çevrilməməlidir - Sədr müavini
Biz dini-milli-mənəvi dəyərlərimizi elə şəkildə təbliğ etməliyik ki, bu təbliğatın nəticəsində ailə institutu din pərdəsi altında başqa xalqlara, başqa xalqların ailəsinə bənzəməsin.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çərşənbə günü "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan ailəsi din pərdəsi adı altında ərəb ailəsinə, iranlı ailəsinə və yaxud bir başqa xalqın ailəsinə çevrilməməlidir.
"Bu cür cəhd varmı? Təbii ki var və bu cür cəhdlər əslində bizə ideoloji təhlükəsizliyimiz baxımından yönəlmiş təhdidlərdən biridir.
Bəs biz dini nöqteyi-nəzərdən ailə dəyərlərini necə möhkəmləndirə bilərik, mənfi tendensiyalardan necə uzaq ola bilərik? Bununla da bağlı nümunələr var. Bu bizim İslamı doğru-düzgün şəkildə təbliğ etməyimizdən keçir",- deyə o bildirib.
G. İsmayılov əlavə edib ki, ailəni qorumaq dövlətin vəzifəsi olduğu kimi, həm də dinin vəzifəsidir.
"Bu baxımdan ailə institutumuza məhz İslamın bu məqsədi prizmasından baxmağımız çox mühümdür. Təəssüf ki, biz İslamdan danışanda, dinimizdən danışanda ən çox danışdığımız nədir? İslamın şərti nədir, İslamın prinsipi nədir, İslamın qaydaları nədir. Amma indiyədək neçə nəfərimiz eşidib ki, İslamın məqsədi nədir? Təəssüf ki, biz ilahiyyatçılar, biz din xadimləri, din adından danışan insanlar İslamın şərtindən, əməlindən, ibadətindən, prinsipindən danışdığımız halda, məqsədindən danışmırıq. İslamın beş əsas məqsədi var: insanı qorumaq (yəni canı qorumaq), malı qorumaq (yəni mülkiyyəti qorumaq), ədaləti qorumaq, inancı qorumaq və sonuncusu - ailəni qorumaq",- deyə o vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре