https://news.day.az/azerinews/1876350.html Azərbaycan Biznesinin İnkişafı Fondu İtaliya şirkətlərinin investisiya layihələrinə dəstək mexanizmlərini açıqlayıb Azərbaycan Biznesinin İnkişafı Fondu İtaliya şirkətlərinin Azərbaycanda investisiya layihələrində iştirakını genişləndirmək, birgə müəssisələrin yaradılmasını və müasir istehsal texnologiyalarının tətbiqini dəstəkləməkdə maraqlıdır.

Azərbaycan Biznesinin İnkişafı Fondu İtaliya şirkətlərinin investisiya layihələrinə dəstək mexanizmlərini açıqlayıb

Azərbaycanca, 23 ноября 2026 10:47 (UTC +04:00) 169
Azərbaycan Biznesinin İnkişafı Fondu İtaliya şirkətlərinin investisiya layihələrinə dəstək mexanizmlərini açıqlayıb

Azərbaycan Biznesinin İnkişafı Fondu İtaliya şirkətlərinin Azərbaycanda investisiya layihələrində iştirakını genişləndirmək, birgə müəssisələrin yaradılmasını və müasir istehsal texnologiyalarının tətbiqini dəstəkləməkdə maraqlıdır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov bazar ertəsi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

O bildirib ki, Azərbaycan və İtaliya arasında mövcud sıx əlaqələr investisiya əməkdaşlığının genişləndirilməsi və İtaliya şirkətlərinin Azərbaycandakı layihələrə cəlb olunması üçün geniş imkanlar yaradır.

"Birgə müəssisələrin yaradılmasını, istehsal müəssisələrinin qurulmasını və qabaqcıl texnologiyaların tətbiqini nəzərdə tutan innovativ və perspektivli təşəbbüsləri böyük maraqla qarşılayırıq", - deyə o qeyd edib.

Ü.Mansurovun sözlərinə görə, idarəetməsində təxminən 1 milyard ABŞ dolları həcmində aktiv olan Azərbaycan Biznesinin İnkişafı Fondu özəl sektorun inkişafını və investisiya təşəbbüslərinin reallaşdırılmasını dəstəkləyən mühüm maliyyə institutudur.

O vurğulayıb ki, Fond kapital investisiyaları, güzəştli kreditlər, dövlət zəmanətləri və faiz subsidiyaları vasitəsilə sahibkarlara maliyyə dəstəyi göstərir.

"Fondun əsas məqsədi özəl sektorun maliyyə resurslarına çıxışını asanlaşdırmaq, investisiya risklərini bölüşdürmək və özəl kapitalın cəlb edilməsini təşviq etməkdir", - deyə İdarə Heyətinin sədri bildirib.

O qeyd edib ki, kapital investisiyaları mexanizmi çərçivəsində Fond layihələrin nizamnamə kapitalının 30 faizədək hissəsinə investisiya yatırmaqla həmin layihələrdə minoritar səhmdar kimi iştirak edir.

Bununla yanaşı, güzəştli kreditlərin Fondun maliyyələşdirmə fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu bildirən Ü.Mansurov bu mexanizmin müxtəlif biznes ehtiyaclarını əhatə etdiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, güzəştli kreditlər dövriyyə kapitalının maliyyələşdirilməsi, kapital xərcləri, yaşıl təşəbbüslər, strateji investisiya layihələri, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr və mikromaliyyələşdirmə məqsədləri üçün təqdim olunur.

Ü.Mansurov bildirib ki, Fond dövlət zəmanəti və faiz subsidiyası mexanizmləri vasitəsilə sahibkarların maliyyələşmə imkanlarını da genişləndirir.

"Proqramların tələblərinə cavab verən layihələr üzrə kredit məbləğinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilə bilər. Eyni zamanda, kredit üzrə faiz dərəcəsinin yarısı üç ilədək müddətə subsidiya şəklində ödənilir. Bu imkanlar layihənin yerləşdiyi ərazidən və müvafiq proqramın şərtlərindən asılıdır", - deyə o vurğulayıb.

Fondun İtaliyanın SACE və CDP qurumları ilə əməkdaşlığına da toxunan Ü.Mansurov bu tərəfdaşlığın hər iki ölkənin biznes dairələrinin təşəbbüslərinə hökumət səviyyəsində dəstək göstərilməsi üçün möhkəm zəmin yaratdığını bildirib.

"İnanırıq ki, bu əməkdaşlıq İtaliya şirkətlərinin Azərbaycana investisiya yatırmaq marağını artıracaq və yerli investisiya layihələrinin həyata keçirilməsinə təkan verəcək", - deyə o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости