Laçın meşəliyində maraqlı anlar yaşanıb

Gözəl təbiəti və mənzərəli relyefi ilə göz oxşayan Laçın bir o qədər zəngin flora və faunaya malikdir. Dağlarında bir çox canlılara rast gəlinən Laçın meşələrində bu dəfə ayı balası maraqlı görüntüləri ilə diqqət çəkib.

Trend-ın yerli müxbiri xəbər verir ki, Laçın təbiətində, qonur ayı, canavar, adi tülkü, çaqqal, qayakeçisi və ya bezoar keçi, ceyran, maral, cüyür, qaban, iran sincabı, süleysin və bir çox məməlilər sinifinə daxil olan heyvanlara rast gəlinir.

Bu dəfə isə Laçın dağlarında ayı balası ağaca dırmanarkən maraqlı anları ilə diqqət çəkib. Kadrlar Laçın Dövlət Təbiət Yasaqlığının Çorman kənd ərazisindəki meşəlikdə qeydə alınıb. Ağacın bir neçə metr hündürlüyünə çıxan ayı balası daha sonra oradan enərək yaşıllıqlar arasına qaçaraq gözdən itib. Həmin kadrları təqdim edirik.

Qeyd edək ki, kadrlar yasaqlıq əməkdaşı tərəfindən təhlükəsizlik qaydaları nəzərə alınaraq çəkilib.