Yayda uşağın iştahasının azalması hansı hallarda təhlükəlidir?
Yay aylarında valideynlərin uşaqlarla bağlı ən böyük narahatlıqlarından biri iştahasızlıq problemidir. Bir çox valideyn isti havalarda uşağının əvvəlki qədər yemək yemədiyini müşahidə edir və bunun hansısa xəstəliyin əlaməti ola biləcəyindən narahat olur. Bəs yay aylarında müşahidə olunan iştahasızlığın səbəbləri nədir, uşaqlar necə qidalandırılmalıdır və hansı qidalara üstünlük verilməlidir?
Mövzu ilə bağlı K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi, Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının əməkdaşı həkim-pediatr Nərmin Əzizova Trend-ə açıqlamasında bildirib ki, əksər hallarda bu vəziyyət orqanizmin yüksək temperatur şəraitinə verdiyi normal fizioloji cavab hesab olunur.
Həkim qeyd edib ki, bununla belə, yay aylarında yaranan hər iştahasızlığı da yalnız isti hava ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, uşağın yaşına uyğun böyüməsinin dayanması, çəki itirməsi, maye qəbulundan imtina etməsi və ya iştahasızlığın digər narahatedici əlamətlərlə müşayiət olunması mütləq pediatr tərəfindən qiymətləndirilməlidir.
Uşağın iştahası azalanda yeməyə məcbur etmək doğru deyil - ÜST
Pediatr bildirib ki, uşağın iştahası azaldıqda valideynlərin ilk reaksiyası çox vaxt onu daha çox yeməyə məcbur etmək olur. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunun əksini tövsiyə edir:
"ÜST uşaqların qidalanmasında responsive feeding (cavabverici qidalanma) prinsipini əsas yanaşma kimi qəbul edir. Bu yanaşmanın mahiyyəti valideynin uşağın aclıq və toxluq siqnallarını nəzərə alması, yeməyi sakit şəkildə təqdim etməsi və uşağı yeməyə həvəsləndirməsi, lakin heç vaxt məcbur etməməsidir.
ÜST-ün tövsiyəsində qeyd olunur ki, "Uşağı səbirlə yeməyə həvəsləndirin, lakin onu məcbur etməyin".
Bu yanaşmanın məqsədi yalnız həmin gün uşağın daha çox yeməsi deyil, gələcəkdə sağlam qidalanma davranışının formalaşmasıdır".
Yay aylarında iştahanın azalması normaldır
Nərmin Əzizova qeyd edib ki, ətraf mühitin temperaturu yüksəldikcə orqanizm bədən istiliyini tənzimləmək üçün müxtəlif fizioloji mexanizmləri işə salır. Onun sözlərinə görə, isti hava şəraitində həzm prosesi zamanı yaranan əlavə istilik yükünü azaltmaq məqsədilə bəzi insanlarda qida qəbulu təbii olaraq azalır. Buna görə də yay aylarında iştahanın müəyyən qədər zəifləməsi normal fizioloji adaptasiya hesab olunur. Eyni zamanda isti hava şəraitində uşaqlar daha çox tərləyir, daha çox maye qəbul edir, açıq havada daha uzun müddət fiziki aktiv olurlar və ağır və isti yeməklərə maraqları azalır.
Bütün bunlar birlikdə gündəlik qəbul olunan qida miqdarının müvəqqəti azalmasına səbəb ola bilər.
Bu hallarda yay iştahasızlığı normal sayılır:
Həkim qeyd edib ki, əgər uşaq aktivdirsə, kifayət qədər maye qəbul edirsə, boy və çəki inkişafı yaşına uyğundursa, ümumi inkişafı normal davam edirsə və əvvəlki kimi oynayır, yatır və gündəlik fəaliyyətini davam etdirirsə yay aylarında iştahanın müəyyən qədər azalması əksər hallarda narahatlıq doğurmur.
"Burada ən vacib göstərici uşağın bir gün və ya bir yemək zamanı nə qədər yeməsi deyil. Pediatr üçün daha əhəmiyyətli olan uşağın boy və çəki inkişafının yaşına uyğun davam etməsidir. Əgər uşaq öz boy və çəki percentilini qoruyursa, gündəlik porsiyaların bir qədər kiçilməsi əksər hallarda fizioloji hesab olunur.
Araşdırmalar göstərir ki, uşaqların təxminən 20-30%-ində həyatının müəyyən dövründə seçici yemək davranışı müşahidə olunur. Bu uşaqların əksəriyyətində böyümə normal davam edir və problem yaş artdıqca azalır. Buna görə də hər iştahasız uşaqda ciddi xəstəlik axtarmaq düzgün yanaşma deyil. Bununla yanaşı, iştahasızlığın davamlı olması, çəki itkisi və ya inkişaf geriliyi ilə müşayiət olunması mütləq araşdırılmalıdır", - pediatr əlavə edib.
Pediatrın sözlərinə görə,valideynlərin ən çox yol verdiyi səhvlərdən biri uşağı daha çox yeməyə məcbur etməyə çalışmalarıdır:
"Bu dövrdə böyük porsiyalar əvəzinə kiçik porsiyalar təqdim edilməli, enerji və qida dəyəri yüksək yeməklərə üstünlük verilməli, zülal, sağlam yağlar, vitamin və minerallarla zəngin rasion təmin edilməli və uşağın gündəlik maye ehtiyacı qarşılanmalıdır.
Kiçik porsiyalar uşaqlar tərəfindən daha rahat qəbul edilir və yemək vaxtının stress mənbəyinə çevrilməsinin qarşısını alır. Beynəlxalq pediatrik qidalanma tövsiyələrində də vurğulanır ki, sağlam uşaqlarda məqsəd boşqabı bitirmək deyil, yaşa uyğun balanslı qidalanmanı davam etdirməkdir".
Yay aylarında iştahasızlıq dövründə uşağı yeməyə məcbur etmək, cəzalandırmaq, hədələmək və ya yeməyi mükafat vasitəsinə çevirmək tövsiyə edilmir
Həkim bildirib ki, valideynlər bəzən narahatlıqdan uşağın boşqabını mütləq bitirməsini istəyir, hər qaşıqdan sonra israr edir və ya "bir qaşıq da mənim üçün ye" kimi ifadələrdən istifadə edirlər. Bu yanaşma qısa müddətdə uşağın bir qədər artıq yeməsinə səbəb ola bilər, lakin uzunmüddətli perspektivdə əks təsir göstərə bilər.
İsti havalarda ən uyğun qidalanma prinsipi az və tez-tez qidalanmadır
"İştahanın zəiflədiyi günlərdə uşağın bir dəfəyə böyük porsiya yeməsini gözləmək əvəzinə, daha kiçik həcmdə, lakin qida dəyəri yüksək yeməklər təqdim etmək daha məqsədəuyğundur.
Valideynlərə tövsiyə olunur ki, gün ərzində 3 əsas və 2-3 ara öyün planlaşdırsınlar. Yeməkləri günün daha sərin saatlarında təqdim etmək lazımdır. Eyni zamanda səhər yeməyinə xüsusi diqqət yetirmək, axşam yeməyini çox gecikdirməmək və böyük porsiyalar əvəzinə kiçik porsiyalar hazırlamaq tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре