Bakıda ucuz ev və torpaq haradadır? Qiymətlər açıqlandı - VİDEO
Bakıda daşınmaz əmlakın qiymətləri ərazinin yerləşməsi, infrastruktur və nəqliyyat imkanlarından asılı olaraq dəyişir. Nəsimi və Səbail rayonlarında torpağın bir sotu 1-2 milyon manat, Yasamal, Nərimanov və Xətai rayonlarında isə 150-400 min manat arasında dəyişir. Ağ şəhərdə torpağın bir sotu 500-600 min manata, yeni tikililərdə mənzilin kvadratmetri isə 4 min manata qədər yüksəlir.
Day.Az xəbər verir ki, büdcəsi məhdud olan alıcılar üçün Binə, Ramana, Zirə, Qobunun bəzi hissələri və digər Bakıətrafı qəsəbələr daha əlçatan hesab olunur.
Bu ərazilərdə evlərin bir kvadratmetri təxminən 450-500 manatdan, torpaq sahələrinin qiyməti isə 3 min manatdan başlayır. Lakin ucuz əmlak alarkən torpağın təyinatı və sənədləri diqqətlə yoxlanılmalıdır. Xüsusilə kənd təsərrüfatı təyinatlı torpaqların yaşayış üçün yararlı sahələr kimi təqdim edilməsinə qarşı ehtiyatlı olmaq vacibdir.
Ekspert Vüqar Orucun sözlərinə görə, yaxın gələcəkdə daşınmaz əmlak bazarında ciddi ucuzlaşma gözlənilmir. Tikinti materiallarının və işçi qüvvəsinin bahalaşması, eləcə də şəhər mərkəzində yüksək tələbat qiymətləri artıran əsas amillərdəndir. Bakı şəhərinin 2040-cı il Baş Planı çərçivəsində nəzərdə tutulan yenidənqurma və infrastruktur layihələri də əmlakın investisiya cəlbediciliyinə təsir göstərir. Buna görə alıcılar qərar verərkən yalnız qiyməti deyil, gələcək xərcləri və hüquqi riskləri də nəzərə almalıdırlar.
Ətraflı "APA TV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре