Taleh Kazımov biznes kreditləri üçün tələblərin sərt olması ilə razılaşmadı
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov real sektorun, xüsusilə kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı və ixracla məşğul olan bizneslərin kreditləşdirilməsi üzrə prudensial tələblərin sərt olması ilə bağlı fikirlərin doğru olmadığını bildirib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
"Bizim real sektorun maliyyələşdirilməsi ilə bağlı prudensial tələblərimiz sərt deyil, əksinə, yumşaqdır. Bizim sərt prudensial tələblərimiz daha çox istehlak kreditləşməsinə, biznes kreditləşməsinə, xüsusilə kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı və ixracla məşğul olan biznesə münasibətdə beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər yumşaqdır. Bəzən xarici ekspertlər də bunu bizə irad kimi bildirirlər", - deyə o qeyd edib.
AMB sədri bildirib ki, bankların real sektoru maliyyələşdirməsinə mane olan konkret prudensial tələbin mövcud olduğu iddia edilirsə, həmin tələbin qaydalarda göstərilməsi məqsədəuyğundur.
"Əgər sərt limitlərimiz, sərt tələblərimiz varsa, gəlin həmin maddəni qaydalarımızla tənzimləyək. Gəlin göstərək ki, məhz buna görə kreditlər verilmir. Əgər doğrudan da səbəb budursa, mən bunu qəbul etməyə hazıram. Amma belə bir şey yoxdur", - deyə T.Kazımov vurğulayıb.
O bildirib ki, bank sektorunda prudensial qaydaların qiymətləndirilməsi zamanı onların beynəlxalq təcrübə ilə müqayisəsi də nəzərə alınmalıdır.
"İyul ayında qəbul olunan yol xəritəsinə diqqətlə baxsaq, orada yalnız sərtləşdirmələrin deyil, həmçinin yumşaldılmaların da tətbiq edildiyini görərik. Xüsusilə banklar üçün istehlak kreditləşməsi üzrə müəyyən sərtləşdirmələr kreditləşmənin azaldılması məqsədilə deyil, daha az riskli kreditləşmənin təşviq olunması üçün tətbiq edilib", - deyə AMB sədri bildirib.
T.Kazımovun sözlərinə görə, istehlak kreditləşməsi üzrə tələblərin sərtləşdirilməsinin əsas səbəbi əhalinin izafi borclanmasının qarşısının alınmasıdır.
"İstehlak kreditləşməsində bizdə sərt tələblərin olması həmişə arzu olunur. Bunun əsas səbəbi əhalinin izafi borclanmasının qarşısını almaqdır. Sərt tələblərə baxmayaraq, son illərdə əhali arasında kreditləşmə 15-20 faiz artıb. Biz bu məhdudiyyətləri və sərt tələbləri yumşaltsaq, istehlak kreditləşməsi daha da artacaq. Təsəvvür edə bilərsiniz ki, əhalinin borclanma səviyyəsi hansı həddə çata bilər? Bu, idarəolunmaz səviyyəyə yüksələ bilər. Biz də buna görə bunu tənzimləyirik", - deyə o əlavə edib.
AMB sədri ekspertlərə və bazar iştirakçılarına mövcud qaydaları diqqətlə araşdırdıqdan və beynəlxalq təcrübə ilə müqayisə etdikdən sonra şərh verməyi tövsiyə edib.
"Ona görə də ekspertlərə müraciətim ondan ibarətdir ki, birinci qaydaları diqqətlə oxuyaq, imkan varsa, beynəlxalq təcrübə ilə müqayisə edək və ondan sonra şərh edək ki, bu sərtdir, yumşaqdır və ya nədir", - deyə T.Kazımov qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре