Azərbaycanda 9 ayda 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib
Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında 11 milyard manatdan çox kənd təsərrüfatı məhsulu istehsal edilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə cümə günü nazirliyin inzibati binasında keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu aqrar islahatlar bu sahənin inkişafına möhkəm zəmin yaradıb, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar sektorun müasirləşdirilməsi, rəqabət qabiliyyətinin artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
M.Məmmədov qeyd edib ki, 2026-2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı aqrar sektorun inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyən edir.
"Proqram çərçivəsində məhsuldarlığın artırılması, müasir suvarma texnologiyalarının tətbiqi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, istehsal və emal imkanlarının genişləndirilməsi qarşıda duran əsas vəzifələrdəndir", - deyə o bildirib.
Nazirin sözlərinə görə, Dövlət Proqramında müəyyən edilmiş hədəflərə nail olmaq üçün dövlət qurumları, özəl sektor, fermerlər və digər tərəfdaşlarla əlaqələndirilmiş fəaliyyətin davam etdirilməsi vacibdir.
O vurğulayıb ki, aqrar sahənin hüquqi bazasının təkmilləşdirilməsi, "Toxumçuluq haqqında" və "Balıqçılıq haqqında" yeni qanunların qəbul edilməsi, eləcə də dövlət dəstəyi mexanizmlərində yeni yanaşmaların tətbiqi fermerlər üçün daha əlverişli fəaliyyət mühiti yaradılmasına xidmət edir.
M.Məmmədov bildirib ki, 2026-cı ilin ilk doqquz ayında dənli bitkilərin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artıb, buğdanın məhsuldarlığı 36,3 sentnerə yüksəlib. Meyvə və giləmeyvə istehsalı isə 5 faiz artaraq 842,6 min tona çatıb. Kənd təsərrüfatı və emal məhsullarının ixracında da müsbət dinamika qeydə alınıb.
O əlavə edib ki, əldə olunan nəticələrə baxmayaraq, iqlim dəyişiklikləri, su ehtiyatlarının məhdudluğu və beynəlxalq bazarlardakı dəyişikliklər aqrar sektorda daha çevik və innovativ yanaşmaların tətbiqini zəruri edir.
"Rəqəmsallaşma, müasir texnologiyaların tətbiqi və elmi biliklərin istehsalata inteqrasiyası aqrar inkişafın əsas istiqamətləri olaraq qalmalıdır", - deyə nazir qeyd edib.
Nazir işğaldan azad edilmiş ərazilərin aqrar potensialının bərpasının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda müasir təsərrüfatların yaradılması, istehsal infrastrukturunun inkişafı və torpaq ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi ölkə üçün yeni imkanlar yaradır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре