Gürcüstanla əlaqələrin inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindəndir - Əli Əsədov
Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir.
Day.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar.
"Ötən dövr ərzində strateji tərəfdaşlığımız keyfiyyətcə yeni mərhələyə yüksəlib. Yüksək səviyyəli siyasi dialoqun dinamikası əməkdaşlığımızın möhkəmlənməsində aparıcı rol oynayır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin apreldə Gürcüstana baş tutmuş dövlət səfəri və Sizin ( Gürcüstanın Baş naziri İrakli Kobaxidze - red) may ayında Azərbaycana səfəriniz (WUF13) xüsusi önəm daşıyır. Bu səfərlər və əldə olunmuş razılaşmalar münasibətlərimizin strateji mahiyyətini bir daha təsdiqləmiş və əməkdaşlığımızın müxtəlif sahələr üzrə dərinləşməsinə əlavə impuls vermişdir", - deyə Baş nazir vurğulayıb.
Əli Əsədov bildirib ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəkləyib: xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində.
"Mədəni-humanitar sahə hər zaman olduğu kimi əməkdaşlığımızın əsas istiqamətlərindən biri olaraq qalır. Heydər Əliyev adına Tbilisi Peşəkar Azərbaycan Dram Teatrının yeni binasının tikintisinin yaxın zamanda başlanacağına umidvarıq. Ölkələrimizdə yaşayan azərbaycanlı və gürcü icmaları münasibətlərimizin inkişafında xüsusi rol oynayırlar. Onların ana dilində təhsil imkanlarının təmin olunması və müvafiq məktəblərin fəaliyyəti xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı faydalı əməkdaşlığı daha da genişləndirmək üçün yüksək qarşılıqlı maraq mövcuddur. Əminəm ki, bu gün qəbul ediləcək qərarlar, eyni zamanda, imzalanacaq sənədlər strateji tərəfdaşlığımızın möhkəmlənməsinə töhfə verəcək", - deyə o çıxışını yekunlaşdırıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре