Köhnə avtobuslar niyə xətdən kənarlaşdırılmır?

Day.Az представляет новость на азербайджанском языке

Texniki göstəriciləri standarta cavab verməyən sərnişin avtobuslarının sürücüləri nə qədər peşəkar olsalar da, idarə etdikləri maşınlarda yaranan nasazlıqlar zamanı yollarda baş verən qəzalar qaçılmaz olur.
CTV (Region TV) xəbər verir ki, səbəb Sovet dönəminin 70-ci illərindən sürülərək bu gün üçün istismarını başa vurmuş "PAZ" markalı kənd avtobuslarının hələ də marşrut xətlərinə buraxılmasıdır. İstifadə müddəti çoxdan bitmiş bu avtobuslar kəndlərdə əhaliyə xidmət göstərməkdədir. Elmin, texnikanın inkişaf etdiyi, avtobusların ildən ilə yeniləndiyi bir vaxtda, Lənkəranda kənd avtobusları bu köhnə "PAZ"ların ümidinə qalıb.

223 min nəfər əhalisi olan Lənkəranda 8 qəsəbə və 83 kənd var. Rayonda 80-dən yuxarı avtobus gün ərzində əhaliyə xidmət göstərir. Amma təəssüf ki bu marşurutlar üzrə hərəkət edən avtobusların say çoxluğuna sevinə bilmirik. Çünki ictimai nəqliyyatdan gündəlik istifadə edən sakinlərə xidmət edən bu avtobusların əksəriyyəti köhnədir. Sovet dönəmindən qalan "PAZ" markalı avtobuslar istismar müddətini çoxdan başa vurub. Apardığımız sorğudan da bəlli oldu ki, Lənkəranda mövcud sərnişindaşıma sistemində köhnə avtobusların marşruta salınması əhalinin ürəyincə deyil.

Ellada Quluzadə - sərnişin: "Avtobusda kondisioner yoxdur, adam da çox minir, ona görə də orada hava almaq olmur."

Lalə Zamanova - sərnişin: "Bir az rahat avtobuslar olsun ki, camaat narazı qalmasın, bir-birinə dəyirlər, isti olur."

Ucqar kəndlərə bu avtobuslarla hər gün sərnişin daşıyan sürücülər sakinlərin haqlı olduğunu təsdiqlədilər. Sürücülər deyir ki, istismar müddətini çoxdan başa vurmuş nəqliyyat vasitələri ilə əhaliyə xidmət göstərmək bir yana, bu maşınları həm də işlək vəziyyətdə saxlamaq min bir əziyyət və böyük xərc hesabına  başa gəlir.

Zakir Rüstəmov - sürücü: "Bu maşının 30 yaşı var. Hamısını öz vəsaitimlə bərpa edib, işlədirik."

Adil Hüseynov- sürücü: "Pulun oldu get yeni avtobus al. Mənim heç cürə imkanım yoxdur. Təzəsini necə alım?"

Azad Rəhimov - sürücü: "Yuxarıda lyuklar var, pəncərələr də açılır. Amma buna baxmayaraq, yenə isti olur."

Lənkəran Sərnişin ASC-dən bildirildi ki, yeni avtobuslar müəssisənin daxili imkanları hesabına alınır və yaxud da sahibkarların aldığı yeni avtobuslar müqavilə əsasında xəttə buraxılaraq əhaliyə xidmət göstərilir.

Natiq Cəfərov - Lənkəran Sərnişin ASC-nin direktoru: "2016-ci ilin 5 ayı ərzində biz müəssisəyə daxili imkanlar hesabına 2 ədəd avtobus gətirərək xəttə buraxmışıq".

Bakıdan gətirilən yeni avtobus dedikləri, gördüyünüz bu təmirə ehtiyacı olan köhnə avtobuslardır. Rayonda müasir tələblərə cavab verən 2-3 mikroavtobuslar var ki, bunlar Mamusta, Boladi, Kənarmeşə kəndləri istiqamətində xəttə buraxılıb.

Habil Əliyev - sürücü: "Qabaq narahatçılıq idi, maşın balaca idi, yollar pis idi. İndi sərnişinlər də razılıq edir. Kondisioneri var, hər bir şəraiti var."

Amma bu avtobuslarda da kondisionerin nə vaxt işləməsi isə sakinlərin yadına gəlmir. Lənkəran Sərnişin ASC isə havalar isti olsa da kondiosioner işlətməyi məsləhət görmür.

Natiq Cəfərov - Lənkəran Sərnişin ASC-nin direktoru: "Balaca rayondu, dayanacaqlar yaxındı, qapılar açılıb bağlanır, o, bir az effektsiz olur."

Ötən əsrin 60-70-ci illərində istehsal olunmuş "PAZ" avtobusları ilə yaşadıqları ünvanlara getməyə məcbur olan kənd sakinləri bu yollarda nə vaxtsa komfortlu avtobuslarda gedib-gələcəyi günə böyük ümid bəsləyirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Köhnə avtobuslar niyə xətdən kənarlaşdırılmır?