"Qəm pəncərəsi"nin kadrarxası məqamları - FOTO Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az bildirir ki, modern.az saytı "Kadrarxası" layihəsini davam etdirir. Budəfəki qonaq Azərbaycan kinematoqrafiya tarixində öz dəst-xəttilə seçilən istedadlı rejissor Rafiq Dadaşovdur. Onunla birlikdə "Qəm pəncərəsi" filminin tarixini vərəqləyirik.

Arayış: 1946-cı il iyul ayının 20-də Bakı şəhərində anadan olan Rafiq Dadaşov 1953-1961-ci illərdə 171 saylı orta məktəbdə oxuyub, 1963-cü ildə 5 saylı fəhlə-gənclər gecə məktəbini bitirib.

1963-cü ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəhlə vəzifəsində işə qəbul olunsa da, 1964-cü ildən rejissor köməkçisi kimi fəaliyyət göstərməyə başlayıb. Həmin il M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinin qiyabi şöbəsinə daxil olub və 1970-ci ildə universiteti bitirib. 1969-1971-ci illərdə Moskva Dövlət Kino Komitəsinin nəzdində olan Ali ikiillik kinorejissor və ssenarist kurslarında təhsil alıb. Bundan sonra III dərəcəli kinorejissor ixtisası adı alıb.

1972-1995-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor vəzifəsində çalışıb. 1995-ci ildən "Aztelefilm" birliyində işləyib. Daha sonra isə Teleradio Şirkətində "Sabah" yaradıcılıq birliyində rəhbər müavini vəzifəsində çalışıb. 1997-ci ildən yenidən "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. 2002-ci ildə Azərbaycan Televiziya və Radio verlişləri QSC "Aztelefilm" birliyində kinorejissor vəzifəsində çalışıb.

Rafiq Dadaşov Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. Hazırda "Region" TV-də Mədəniyyət şöbəsində çalışır. Ailəlidir, iki övladı var. Həyat yoldaşı "Fəryad", "Qəzəlxan", "Pirverdinin xoruzu", "Yaramaz", "Qəm pəncərəsi" kimi filmləri montaj edən kinomontajçı Nelli Dadaşovadır.

2-hissəli "Qəm pəncərəsi" filmi Cəlil Məmmədquluzadənin xatirəsinə ithaf olunub. Film "Danabaş kəndinin əhvalatları" və "Danabaş kəndinin məktəbi" pyesinin motivləri əsasında lentə alınıb və bu ekran əsərində görkəmli ədib, yazıçı, dramaturqun uşaqlıq dövrü ilə bağlı hadisələr əks olunub. Filmi həm də "Danabaş kəndinin əhvalatları" da adlandırırlar. Rejissor Mərahim Fərzəlibəyov ilk dəfə bu filmdə aktyor kimi özünü sınayıb.

Mirzə Cəlil haqqında filmdə qəm pəncərəsindən boylanan uşağı ön plana çəkən rejissor millətinin gələcəyi üçün nigarançılığını göstərir. Burada "Molla Nəsrəddin" jurnalına çəkilmiş illüstrasiya və karikaturalardan da istifadə edilib.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Anar, rejissoru Rafiq Dadaşov, operatoru Hüseyn Mehdiyev, quruluşçu rəssamları Elbəy Rzaquliyev və Rafiq Nəsirov, bəstəkarı Cavanşir Quliyev, montajçısı Nelli Dadaşova, filmin direktoru Rimma Abdullayevadır.

Rollarda Həsənağa Turabov, Elmira Şabanova, Həsən Məmmədov, Nəsibə Zeynalova, Fəxrəddin Manafov, Ruslan Nəsirov, Yaşar Nuri, Səyavuş Aslan, Ramiz Əzizbəyli, Leyla Şıxlinskaya, Arif Quliyev və başqaları çəkiliblər.

"Aktyorlar sınaq çəkilişi olmadan seçildilər"

Rafiq Dadaşov: "Anar Cəlil Məmmədquluzadənin əsərlərindən təsirlənərək belə bir film ərsəyə gətirdi. İlk olaraq bu əsər teatr səhnəsində oynanılmışdı. Dəfələrlə səhnədə göstərilən tamaşa artıq izləyicilər tərəfindən də rəğbət qazanmışdı. "Bişmiş" bir əsər olanda Anar onu ekranlaşdırmaq istədi. Filmin əsas yükü onun çiyinlərində idi, həm müəllif, həm də quruluşçu rejissor kimi. Filmi istehsalata buraxmaq üçünsə ədəbi ssenari işlənməli idi. Burada isə rejissor, operatorlar çalışdılar. Müddət isə təxminən bütün filmlərdə olduğu kimi 1 il çəkdi. Sırf çəkiliş prosesi isə 3,5 aya yekunlaşdı. Hazırlıq mərhələsində aktyor və məkan seçimləri edildi, nəyi, necə çəkəcəyimizi aydınlaşdırdıq. Hər şey tam hazır olandan sonra artıq çəkilişlərə start verildi.
Çəkilişlər əsasən yay aylarında aparıldı. 1985-ci ilin iyul ayında başlayıb oktyabr ayında bitirdik".

Rafiq Dadaşov bildirir ki, əsər dəfələrlə səhnədə oynanıldığından filmdə rol alacaq Həsənağa Turabov, Həsən Məmmədov, Nəsibə Zeynalova, Yaşar Nuri, Siyavuş Aslan, Arif Quliyev və s. kimi aktyorlar da demək olar ki, əvvəldən bəlli idi.
"Onların filmdə iştirakı üçün hər hansı sınaq çəkilişləri aparılmadı, buna ehtiyac da yoxdu. Çünki onların istedadı bilinir, tanınır, özünü təsdiq etmiş simalar idilər".

"Həsən Məmmədov ilk dəfə bu filmdə kəndli rolunda çıxış edirdi"

"Anar elə bir dramaturq idi ki, onun işində səhv ola bilməzdi. Həsən Məmmədov ilk dəfə bu filmdə saqqallı kəndli rolunda çıxış edirdi. Mirzə Babayev, Siyavuş Aslan, Yaşar Nuri, Arif Quliyev kimi aktyorların rolu kiçik olsa da, onlar Anara görə bu filmdə çəkilmişdilər. Məhz Anara görə böyük-kiçik rol fərqi yox idi. Onlara nəyisə demək, hansısa sınaq etmək lazım deyildi, istedadlı aktyorlar idi deyə, sadəcə qrimlənib çəkiliş meydançasına gedirdilər. Leyla Şıxlinskaya o vaxt gözəl, cəlbedici olduğundan onu da filmə dəvət etdik. Rolunun öhdəsindən də layiqincə gəldi. Aktyor seçmək problem deyildi. O vaxt kinostudiyanın qaynayan vaxtı idi".

"Uşaqları min nəfər arasından seçdik"

Müsahibimiz bildirir ki, əsas problem uşaqların seçilməsində idi.
"1985-ci ilin yanvar ayından başlayaraq uşaqların axtarışına çıxdım. Burada bir məsələ var idi ki, onlar 5-15 yaş arasında 10-13 uşaq olmalı idi. Eyni yaş qrupundan lazım olsaydı, seçmək asan olardı. İstənilən bir sinfə girib oradan seçə bilərdim. Lakin yaş fərqinin olması işimizi çətinləşdirirdi. Yanvar ayından may ayına qədər Bakının bütün məktəblərini gəzdim. O vaxt "Əhmədli" qəsəbəsində yaşayırdım deyə, elə ilk olaraq oradan da başlamışdım.

Yeni il ərəfəsində yolka şənliklərinə gedib oradakı uşaqları nəzərdən keçirirdim. Diqqətimi çəkən uşaq olan kimi filmə dəvət edirdim. Məktəblərdə isə 1-ci sinifdən tutmuş 11-ci sinfə qədər bütün şagirdlərə baxırdım. Bu minvalla 6 ay ərzində 1000-dən çox uşağı sınaqdan keçirdik. Fikir verilən ilk şey uşaqların diribaş, istedadlı olması, ən əsası isə utancaq olmaması idi. Filmə diqqət etsəniz, görərsiniz ki, oradakı uşaqlar hazır, "bişmiş aktyorlar" idi. Bizdə belə fikir də yaranmışdı ki, həmin uşaqlardan ibarət teatr da yaradaq. Amma təəssüf ki, yalnız Ruslan Nəsirovdan (Əhməd) başqa onların arasında sonradan bu sənəti davam etdirənlər olmadı.

Sınaq çəkilişinə bəzən elə uşaq gətirirdilər ki, deyirdilər "çox istedadlıdır", "diri uşaqdır", amma çəkiliş başlayanda utanıb bir tərəfə çəkilirdi. Elə uşaqlarla işləmək üçün isə hövsələ lazım gəlirdi. Bundan dolayı çox axtardıq, amma istədiyimiz kimi uşaqları tapa bildik.

Çəkiliş zamanı uşaqlar çox rahat idilər. Verilən tapşırıqları dərhal yerinə yetirirdilər. Onlara bir şeyi dəfərlərlə deməyə ehtiyac yox idi. Baş roldakı uşaq - Ruslan Nəsirova 100 manat qonarar verildi. Həmin uşaq "Ağ atlı oğlan", "Asif, Vasif, Ağasif", "Qüdsi" və s. kimi filmlərdə də rol alıb. Rol baxımından digər uşaqların aldığı qonarar nisbətən az oldu".

Rafiq Dadaşov deyir ki, film əsasən Cəfər Cabbarlı adına kinostudiyanın pavilyonunda, Bakının Digah kəndində, İçərişəhərdə, təbiət çəkilişləri isə əsasən Şamaxının Zarat kəndində, Qobustanda, Qaraçı karvansarasında, Lahıcda ekranlaşdırılıb. Məscid səhnəsi Digahda lentə alınmışdı. Mirzə Cəlilin evi, məktəb və Əhmədin ölüm səhnəsi pavilyonda, qəbristanlıq Qobustanda "Dəvə Piri"ndə çəkilib.

Rejissor bildirir ki, sovet dönəmi olmasına baxmayaraq filmdəki məscid səhnələri, dua oxunması hər hansı narazılıqla qarşılanmayıb. "Çünki burada əsas prinsip nadanlığın göstərilməsi idi".

"Kimsə çəkiliş üçün aldığmız qoz-fındığı oğurlamışdı"

Rafiq Dadaşov: "Filmdə cərəyan edən hadisələr sırf əsərdən qaynaqlandığından çəkilən, lakin efirə getməyən kadrlar olmadı. Həmçinin improvizələr də yox dərəcəsində idi. Çünki Anar dəqiq insandır. Bütün kollektiv çox mehriban idi, burada sözünü demiş insanlar toplaşmışdı. Həmçinin Anarın özünə olan rəğbətdən dolayı da aktyorlar hər bir şeyə diqqətlə yanaşırdılar. Ədib həmçinin bütün çəkiliş prosesində aktyorlarla birlikdə çəkiliş meydançasında olurdu".

Onun sözlərinə görə, Siyavuş Aslanın baqqaldan qənd aldığı səhnə kinostudiyanın pavilyonunda çəkilib. "Orada bir narazılıq da oldu. Belə ki, real olsun deyə, bazardan xeyli qoz-fındıq götürmüşdük. Səhnələri çəkdik, günü tamamaldıq. Səhərisi günü gələndə gördük ki, qoz-fındıq yoxdur, kimsə oğurlayıb. Kimin etdiyini tapmadıq, heç axtarmadıq da, baxmayaraq ki, həmin məhsulu təhvil verməli idik. Bəzən 1-2 günlük işləməyə gələnlər bütün qrupun adına xələl gətirəcək işlər görürdülər".

"...uzunqulaq tapmaq problem idi"

Filmdə əsas çətinlik uzunqulaqla bağlı olub. Rejissor bildirir ki, uzunqulağın müxtəlif obyektlərdə çəkilməsi üçün çətinliklərlə üzləşiblər

Rafiq Dadaşov: "Belə ki, uzunqulaq 5 yerdə çəkilib. Pavilyonda, Qobustanda, Karvansarayda, Zaratda, Lahıcda. Bu əsl problem idi. Çünki uzunqulağı bir yerdən başqa yerə aparmaq, eyni zamanda bir-birinə oxşar uzunqulaqlar tapmaq çətin idi. Ölçüləri, rəngləri mütləq tutuşmalı idi. Həm də əkin-biçin vaxtına düşdüyündən heç kim öz heyvanını vermək istəmirdi.

Elə oldu ki, uzunqulağı pavilyonda çəkdik, sonra onu avtomobilə qoyub Qobustana apardıq. Heyvanı maşına mindirib-düşürtmək özü çətin idi. Bunun üçün 7-8 nəfər səfərbər olurduq.

Təsəvvür edin ki, aktyorlar hazırlaşıb uzunqulağı gözləyirdilər ki, bu nə vaxt gələcək. At deyildi ki, deyəsən ki, özü çapıb ünvana çatacaq. Burada çəkilişləri bitirib Lahıca getdik. Orada da uzunqulağı tapmaq xeyli vaxtımızı aldı".

Gülməli səslənsə də, rejissor uzunqulağın aktyorlardan baha başa gəldiyini söyləyir: "Bir az gülməli də olsa, qonorar olaraq aktyorlara gündəlik 7 manat verildiyi halda, uzunqulağa 10 manat verilirdi. Həm də o uzunqulaq ki, min bir əziyyətlə tapılırdı".

Kinorejissor bildirir ki, daha bir çətinlik kütləvi səhnələrin çəkilişi zamanı müşahidə olunub. "Çünki Zarat kiçik kənd idi, yollar bərbad olduğundan çəkiliş aparmaq da çətin idi. Bir epizod üçün saatlarla çalışmalı olurduq. Kütləvi səhnələrdə kənd camaatı da iştirak edib".

"Vaqif İbrahimoğluya dedik ki, "eşşək gələnə qədər, gəl səni çəkək"

Rafiq Dadaşov: "Artıq filmin müəyyən hissələri çəkilmişdi. Zaratda təbiət səhnələrinin çəkilişləri idi. Səhər tezdən saat 7-də başlayıb ta axşama qədər davam etdirirdik. Yollar çox bərbad, evlər də daş evlər idi. Lazım olanda 10 kilometrlik yolu biz 1 saata gedib çıxırdıq. Nə isə, orada çətinliklə Bakıda çəkdiyimiz uzunqulağa bənzər birini tapdıq".

Müsahibimiz uzunqulaqla bağlı daha maraqlı bir məqamı bizimlə bölüşür: "Xudayar bəy (Vaqif İbrahimoğlu), Məmmədhəsən (Həsən Məmmədov) və uzunqulağın birgə səhnəsi çəkilirdi. Aktyorların hər ikisi hazır idi. Oturub uzunqulağı gözləyirdilər. Birdən Vaqifə dedilər ki, "gəl eşşək gələnə qədər səni çəkək". Vaqif dedi ki, "məni ələ salırsız, eşşəyin yerinə məni çəkirsiz?"

Lahıcda çəkilişləri bitirib Şamaxıdakı keçidləri çəkmək üçün ora yollandıq. Yenə də çətinliklə də olsa həmin uzunqulağa bənzər birini tapdıq. Əsasən gecə çəkilişləri olmasına baxmayaraq, qaranlıqla bağlı heç bir narahatlıq yox idi. Uzunqulaq heyvan olsa da, çox yerdə görünməsə də əsas obrazlardan olduğundan onu gözləməyə məcbur idik".

Rejissorun sözlərinə görə, Fəxrəddin Manafaovla uşaqların birgə səhnəsi Zaratda lentə alınıb. "Həmin səhnədə heç bir çətinlik olmadı. Çünki onlar hamısı həm sərbəst uşaqlar idi, həm də Fəxrəddinlə yaxşı dil tapırdılar. Aralarında 2-3 uşaq vardı ki, yerində dayanmırdı, "qaynayırdı", böyük aktyorlar kimi çıxış edirdilər. Həmin səhnənin çəkilişi üçün 3 gün vaxt ayrılmışdı. Uşaqları çəkdik, hər şey planlaşdırıldığı kimi getdi və onlar yenidən Bakıya qayıtdılar. Az müddət olduğu üçün evlərindən ötrü darıxmaq, ağlmaq kimi problemlərimiz olmadı".

Filmin mahiyyəti nadanlığın ifşasıdır

"Hazılıq prosesində bütün obyektlər, çəkiliş müddəti hamısı qeyd olunduğundan bu baxımdan heç bir çətinliyimiz də yox idi. Planlaşdırıldığı kimi iyulda başladı, oktyabrda da bitdi".

Yol ayrıcında iki uşaqdan biri məktəbə, digəri isə nadanlığa gedir. O səhnə Mərəzədə lentə alınmışdı. İnsanların toplaşıb "Xudaya, bizə yağış" deyərək dua etməsi, İsgəndərin məsciddə fransızca şeir deyib insanlardan ağlamalarını tələb etməsi də cahilliyin geniş vüsət aldığı zamanı tənqid edirdi. "Ə, niyə ağlamırsız?" Kəndlilərdən birinin "axı biz sən deyəni başa düşmürük" deməsi ilə İsgəndərin cavab verməsi də bir olur: "Molla ərəbcə oxuyanda başa düşüb ağlayırdız?"

Ədibin filmdə əxz etmək istədiyi əsas məsələ də məhz bu idi: cahilliyin, nadanlığın ifşası.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.