Yasamal qəbristanlığının sökülməsi xəbəri ciddiləşir – FOTO

Day.Az представляет новость на азербайджанском языке.

Artıq bir həftəyə yaxındır ki, Yasamal qəbristanlığının söküləcəyi ilə bağlı xəbərlər dolaşır. Məlumatlara görə, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsindən Badamdar dairəsinə birləşən yolun genişləndirilməsi işi aparılacaq. Bu yol həmin ərazidə yerləşən qəbristanlıqdan keçdiyi üçün plana düşən məzarlar sökülüb şəhər kənarına köçürüləcək.

Qeyd edək ki, rəsmi qurumlar yayılan xəbərləri təkzib etməyib və yaxın günlərdə açıqlama verəcəklərini bildiriblər. Biz də qəbristanlığın hazırkı vəziyyətini, söküntü işlərinin gedib-getmədiyini öyrənmək üçün həmin məkana yollandıq.

Yasamal qəbristanlığı ikinci Fəxri xiyabanla üzbəüz yerləşir. Badamdar dairəsindən Şərifzadə küçəsinə qəbristanlığın içərisindən gedən yolda rus, yəhudi məzarları, yarısında isə azərbaycanlıların məzarları var. Rusların qəbri olan hissə baxımsız vəziyyətdə idi. Hətta qəbirlərin arası zibilxanaları xatırladırdı desək, yanılmarıq. Buradakı qəbirlərin köhnə sinə daşları uçub dağılır. Həmin qəbirlərə baxanda uzun zamandır bura insan ayağının dəymədiyini başa düşmək olar.

Qəbristanlığın azərbaycanlılar uyuyan hissəsində isə bir sıra tanınmış, ictimai-tarixi, mədəniyyət və incəsənət xadimləri dəfn edilib. Onların arasında hətta ailə üzvləri həyatda olmayan, yaxud nəsil davamçısı qalmamış şəxslər də var. Burada Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi Vaqif Mustafazadənin, xalq artisti Gülşən Qurbanova və bu kimi tanınmış şəxslərin məzarlarını gördük.

Yasamal qəbristanlığı paytaxtdakı ilk qəbristanlıqlardan biri olub. Ötən əsrin 30-cu illərində Azərbaycana qarşı düşmənçiliyi ilə fərqlənən qatı bolşevik Sergey Kirovun heykəlini Bakının ən uca məkanında ucaltmaq məqsədilə Dağüstü Park salmaq üçün qədim Çəmbərəkənd qəbristanlığı dağıdılıb. O zamanlar eşidib-bilənlər öz əzizlərinin məzarını Yasamala köçürüb, köçürülməmiş məzarların üstü isə şumlanıb, park salınıb. 50 ildən sonra tarixin gərdişi həmin parkı yenidən məzarlığa döndərdi və 20 Yanvar şəhidlərimiz hazırda orada uyuyur.

Məzarlıqda olarkən tanış bir sima ilə rastlaşdıq. O, hüquq müdafiəçisi Səidə Qocamanlı idi. Səidə xanım ata-anasının, həyat yoldaşının məzarını ziyarətə gəlmişdi.

Avropada qəbristanlıqda yer 20 il müddətinə müəyyən bir məbləğə satılır. Bundan əlavə, qəbrin səliqəli saxlanması üçün mərhumun yaxınları hər il pul ödəyir. 20 ildən sonra ölünün yaxınları növbəti vaxt kəsiyinə yenidən pul ödəyir, pul ödənməsə, həmin yer artıq başqasına verilir. Bizdə isə elə hallar olub ki, əzizinin qəbrini ziyarətə gələn heç qəbri tapmayıb. Yoxdur, dağıdılıb, ya da satılıb. Bu yaxında mətbuatda hansısa bir qəbristanlıqda belə bir olayın baş verməsi faktı açıqlanmışdı.

Qəbristanlıqda olarkən yol kənarında bir-birlərindən 5-6 metr aralı mollalar oturub bura gələnlərə "Yasin" oxumağı təklif edirdilər. Mollalardan birinə yaxınlaşıb qəbristanlığın söküləcəyi xəbərini eşidib-eşitmədiyini soruşduq. Həmsöhbətimiz bunun günah olduğunu bildirərək hələ ki, belə bir şey eşitmədiyini dedi.

X X X

Dini ekspert Kənan Rövşənoğlu islam dininə görə müsəlmanın qəbrini açmağın haram olduğunu dedi: "Din müstəsna hallarda qəbrin açılmasına və ya başqa yerə köçürülməsinə icazə verir. Əgər cənazə qəsb olunmuş, yəni sahibinin razılıq vermədiyi torpaqda dəfn olunubsa və sahibi tələb edərsə, açıla bilər. Bu halda cəsədin parçalanmasına və ya cəsədə hörmətsizliyə səbəb olmaması şərtdir. Meyiti ehtiramsızlıq olan bir yerdə, məsələn, kafirlərin qəbristanlığında, yaxud toz-torpaq, zibil tökülən yerlərdə dəfn etmiş olsa, bu zaman qəbir yerini dəyişdirmək olar.

Bundan başqa, vəhşi heyvanların meyiti parçalaması, sel aparması, düşmənlərin çıxartması təhlükəsi olarsa, həmçinin vəsiyyət əsasında qəbirdən çıxarmaq olar. Yəni insan ölməmişdən onu müqəddəs yerlərdən birinə aparılmasını vəsiyyət edibsə və onu həmin yerə aparmaq üçün heç bir maneə olmadığı halda, qəsdən və ya unudularaq həmin yerə aparılmadan dəfn edilərsə, hörmətsizlik olmazsa və başqa bir maneə də olmasa, qəbri açıb meyiti müqəddəs yerə aparmaq olar. Hətta bu halda qəbri açıb cənazəni aparmaq vacibdir".

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.