Bakı metrosunun şatışmayan cəhətləri bəlli oldu
Day.Az представляет статью на азербайджанском языке.
Ötən həftə Azərbaycan gündəmində bomba kimi partlayan xəbərlərdən biri də Metropoliten rəisi Tağı Əhmədovun vəzifəsindən kənarlaşdırılması oldu. Sonradan bunun heç də işdən kənarlaşdırma olmadığı bəlli olsa da, insanlar mətbuat ilə xüsusilə kobud davranışına görə seçilən məmurun ikinci plana düşməsini geniş müzakirə etdilər.
Metropoliten idarəsi daha da böyüyərək "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə çevrildi və cəmiyyətə yeni sədr təyin edildi. Bu, o demək idi ki, Tağı müəllim əvvəlki kimi öz vəzifələrini icra edəcək, lakin artıq qurumda ondan yüksək vəzifəli şəxs "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov olacaq.
Metrodakı vəziyyət son bir neçə aydır ki, mətbuatın gündəmindən düşmür, sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olur. Hər gün vaxtını hesablayaraq evdən işə yollanan şəxslər metrodakı vəziyyətdən dolayı işə gecikmək və izahat yazmaq məcburiyyətində qalırlar. Metropolitenin nəqliyyat vasitəsindən çox ticarət obyektinə çevrilməsi, giriş-çıxışlarda bazarların qurulması, nəqliyyat axınının sıx olmasına baxmayaraq, qatarların qrafikinin bu sıxlığa uyğunlaşdırılmaması da narazılıqlara səbəb olurdu.
Bütün yuxarıda sadalananları nəzərə aldıqda Metropolitenin yeni rəhbərliyinin üzərinə böyük məsuliyyət düşdüyü aydın görünür.
Bu gün tələbkar Bakı sakini ölkəmizin iqtisadi inkişafına uyğun olaraq nəqliyyat infrastrukturunun da mükəmməl səviyyədə olmasını arzulayır. Buraya, ilk növbədə, yeraltı nəqliyyatın şəhərin bütün bölgələrini əhatə etməsi, qatarların hərəkət intensivliyinin artırılması, stansiyalarda, qatarlarda və keçidlərdə təmizlik, rahatlıq və təhlükəsizliyi şamil etmək olar. Bundan sonra stansiyaların estetik görkəmi və digər məsələlər gəlir.
Bakı Metropolitenindən hər gün istifadə edən şəhər sakinləri etiraf edərlər ki, hazırda metro ilə bağlı yuxarıda sadalanan göstəricilərin bir çoxu heç də yüksək səviyyədə deyil. Stansiyaların estetik görkəminin yaxşı olması ilə bağlı heç kim mübahisə etməz. Ancaq "yeraltı dünya"nın girişindəki bazarlar ilk baxışdan mənfi təəssürat oyadır. Şəhərin qonaqları çətin ki, həmin bazarın arxasında şərq və qərb memarlıq üslublarını özündə sintez edən gözəl stansiyalar olacağına inansınlar.
Son illər metro stansiyalarının artırılması istiqamətində də çoxsaylı işlər görülür. Bununla belə, hələ də Günəşli, Yeni Yasamal və digər bu kimi ərazilərdə stansiyalar olmadığından şəhər sakinləri qarlı havalarda xeyli çətinliklərlə üzləşməli olurlar.
Bütün qeyd olunanlarla yanaşı, metronun ən ciddi problemlərindən biri də qatarlarla bağlıdır. Ötən əsrdən istifadəyə verilmiş vaqonlar hələ də yeraltı reyslər üzərində hərəkət etməkdədir. Həmin vaqonların hərəkət edərkən yaratdığı səs-küy və havasızlıq mühiti artıq tez-tez inkişaf etmiş ölkələrə səfər edən şəhər sakinlərini qane edə bilməz. Belə olan təqdirdə onların daha müasir, səs-küyü az olan və komfortlu qatarlarla əvəz edilməsi tələbləri ortaya qoyulur. Dəfələrlə kondisioner olan vaqonların gətiriləcəyi deyilsə də, bakılılar hələ də gözləyirlər.
Stansiyalarda tez-tez baş verən bədbəxt hadisələr, sərnişinlərin qatarların altına düşərək xəsarət almaları və həlak olmaları təhlükəsizlik problemini də aktuallaşdırır. Metropoliten rəsmiləri bu istiqamətdə dəfələrə açıqlama veriblər. Yeni texnologiyaların tətbiqi ilə təhlükəsizlik probleminin aradan qaldırılacağını deyən rəsmilər təəssüflə bildirirdilər ki, bu, yanız yeni tikiləcək stansiyalara şamil ediləcək.
İnformasiya texnologiyalarının yüksək sürətlə inkişafı əhalinin internetə çıxışı tələbatını da artırır. Bundan əvvəl bir neçə dəfə Bakı metrosunda Wi-Fi şəbəkəsinin quraşdırılacağı barədə xəbərlər yayılsa da, şəhər sakinləri hələ də metroda da şəbəkəyə rahat daxil olacağı günü gözləyirlər.
Yuxarıda qeyd olunanları da nəzərə alarkən görürük ki, "Bakı Metropoliteni" QSC-nin üzərinə böyük məsuliyyətli işlər düşür. Bizə bu işdə metropolitenin yeni rəhbərinə uğur diləmək qalır.
Milli.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре