Bayılda və "20-ci sahə"də 3 minə yaxın ev söküləcək - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Bakının Səbail rayonu ərazisində söküntü işləri genişləndiriləcək. Bayıl qəsəbəsi və "20-ci sahə" yaşayış massivində plana düşən tikililər köçürüləcək. Artıq Arif İsmayılov, Salyan Döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsinə hazırlıq gedir. Bu barədə sözügedən ərazidən reportaj hazırlayan əməkdaşımıza sakinlər bildiriblər.
Sakinlərin sözlərinə görə, onları ARDNŞ məhkəməyə versə də, evlərin sökülməsi ilə bağlı bildirişlər Səbail Rayon İcra Hakimiyyəti tərəfindən göndərilir.
Sakinlər bildirir ki, bildirişdə dəqiq vaxt yazılmayıb. Qeyd edilir ki, ərazidə olan qanunsuz tikililər söküləcək. Təşviş içində olan əhalinin bir hissəsi Səbail Rayon İcra Hakimiyyətinə müraciət edərək, məsələyə aydınlıq gətirilməsini xahiş ediblər. Bu qurumdan əhaliyə bildirilib ki, qanunsuz tikililərin sahiblərinə kompensasiyanın verilməsi nəzərdə tutulmur.
"20-ci sahə" yaşayış massivinin sakinləri icra hakimiyyətinin əməkdaşından öyrəniblər ki, Bakıda keçiriləcək Avropa Oyunları yaxınlaşdığı üçün sökülmə prosesi beynəlxalq idman yarışı bitəndən sonra başlayacaq. Artıq Bayıl qəsəbəsinin bir hissəsində söküntü işləri bitib. Amma prosesi davam edəcək. Sakinlər deyir ki, onlara bu barədə bildiriş gəlib. Yerli icra hakimiyyəti tərəfindən verilən bildirişdə deyilir ki, qəsəbənin abadlaşdırılması, iri layihələrin həyata keçirilməsi, Milli Parkın sözügedən istiqamətə genişləndirilməsi plandakı tikililərin söküntüsünü nəzərdə tutur.
Şahidi olduq ki, Bayılda Şahmat Sarayı tikintisi ilə əlaqədar Bayılın mərkəzindən "20-ci sahə"yə qədər olan yolun kənarındakı evlər sökülüb. Sökülən 60-a yaxın evin hər kvadratına görə, mülk sahiblərinə 1500 manat kompensasiya verilib. Olimpiya şəhərciyi isə Bayılda sökülən evlərin yerində tikiləcək. Hazırda bu ərazidə yeni yol bağlantılarının və piyada keçidinin tikintisi aparılır. Abadlıq işləri ilə əlaqədar söküntülərin Avropa Oyunları bitəndən sonra davam edəcəyi gözlənilir.
"20-ci sahə"də yaşayan sakinlərin bir qrupunun hüquqlarını müdafiə etmiş vəkil Azər Quliyev "Bizim Yol"a bildirdi ki, ARDNŞ bu ərazidə yaşayan sakinlərin evlərinin sökülməsi iddiası ilə Səbail rayon Məhkəməsinə müraciət edib: "Məhkəmə ARDNŞ-in iddiasını təmin edib. Əhalinin köçürülməsi ilə bağlı məhkəmə iddiaları 2009-cu ildən başladı və onların sayı 2010-2011-ci ildə daha da artdı. Məhkəmə formal keçirildi. İddianın adı belə idi: "Qanunsuz tikililərin sökülməsi". Bütün iddialar da birmənalı olaraq ARDNŞ-in lehinə verildi. Yəni evlər sökülməlidir. 5 ailənin işinə mən çıxdım. Məhkəmə prosesi Ali Məhkəməyə qədər getdi. İlkin məhkəmə instansiyasının qərarı qüvvədə saxlanıldı.
Vəkil bildirir ki, Bayıl qəsəbəsi və "20-ci sahə"də yaşayan sakinlərin əksəriyyətinin yaşadıqları əraziyə qeydiyyata alınması üçün məhkəmə qaydasında qətnamələri var: "Eləcə də daşınmaz əmlakları ilə bağlı yerli icra hakimiyyətindən sərəncamları və bələdiyyədən qərarları var. Hətta bəzi sakinlərin Dövlət Reyestr Xidmətindən sənədləri var idi ki, yaşadıqları mülk onların mənzilidir.
Bütün bu sənədləri məhkəmə instansiyaları nəzərə almadı və ARDNŞ-in xeyrinə qərar çıxardı. Qərarda evlərin nə zaman sökülməsi məsələsi yoxdur. Bir məsələni də qeyd edim. ARDNŞ-dan əhaliyə bildirildi ki, torpağı bələdiyyədən alanlar bələdiyyəni məhkəməyə versinlər. Haqlarını tələb etsinlər".
Azər Quliyev bildirir ki, əhali 1990-cı ilin əvvəllərindən burda yaşayıb: "Əhali qaz, su, işıq pulu veriblər. Neft ərazisidirsə, bura küçə adı verməzlər. Neft ərazisi mədənlərə bölünür, məsələn 1-ci mədən, 2-ci mədən və s. Əhalinin yaşadığı bu əraziyə isə rəsmi olaraq küçə adları verilib. Hazırda ərazidə Arif İsmayılov, Salyan Döngəsi II, Yüzbaşı Mürsəlov, Lütfin Babayev və başqa küçələr var.
Burda yaşayanların əksəriyyəti Qarabağ müharibəsi əlilləri, veteranları, şəhid ailələri və məcburi köçkünlərdi. Bu statusda olan vətəndaşların heç birinə güzəşt edilmədi və onların özlərinə evlərini sökməsi tələbi qoyuldu. Məcburi köçkünlər o zaman evlərindən çıxarıla bilər ki, onlar yeni mənzillə təmin olunsun.
Vəkil bildirir ki, məhkəmə qərarlarında evləri söküləcək əhaliyə kompensasiyanın ödənilməsi məsələsi qeyd olunmayıb: "Hətta qərarda evlərin əhalinin öz hesabına sökülməsi bildirilir".
Azər Quliyev maraqlı bir məqama toxundu: "Yaxınlarda bir məsələni öyrəndim. Belə ki, bir müddət öncə ARDNŞ Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətdə Bayılda və "20-ci sahə"də əhalinin yaşadığını qeyd edərək, bu ərazi ARDNŞ-dan alınıb bələdiyyənin tərkibinə verilməsi xahiş olunub".
Böyütmək üçün şəkillərə klikləyin:








Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре