Qarabağda əldə olunan nəticələr heyrətamizdir - Braziliya səfiri
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və inkişaf işlərinin sürəti və əldə olunan nəticələr heyrətamizdir.
Day.Az xəbər verir ki, bunu Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernard Jorj Leopold de Qarsia Klinql Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Trend-ə açıqlamasında deyib.
Səfir bildirib ki, bu, onun Qarabağa ilk səfəridir və bölgədə görülən işlər onda böyük təəssürat yaradıb.
"Çox təsirlənmişəm. İşlər çox sürətlə aparılır. Mən regionda baş verən bütün proseslər barədə oxumuş və eşitmişdim, indi isə bunları öz gözlərimlə görmək imkanım var. Amma belə bir nəticəyə bu qədər tez nail olunduğunu gözləmirdim. Bu, heyrətamizdir", - deyə o bildirib.
Braziliyanın mədənçilik sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan diplomat bu istiqamətdə Azərbaycanla əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.
"Braziliya mədənçilik sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan dünyanın müxtəlif yerlərində keçirilən bir çox tədbirlərdə və sülhməramlı fəaliyyətlərdə iştirak edib. Buna görə də düşünürəm ki, ehtiyac yaranacağı təqdirdə biz də kömək edə bilərik", - deyə səfir bildirib.
O, tarixi və mədəni irsin qorunmasının da mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
"Braziliya bütün beynəlxalq təşkilatları tam şəkildə dəstəkləyir və abidələrin, eləcə də tarixi irsin qorunması son dərəcə mühüm əhəmiyyət daşıyır. Biz Braziliyada da eyni çətinliklərlə üzləşirik. Azərbaycan xalqına çatdıra biləcəyimiz mesaj budur ki, siz bizə də arxalana bilərsiniz", - deyə diplomat vurğulayıb.
Səfir Azərbaycan və Braziliya arasında mövcud siyasi münasibətləri yüksək qiymətləndirərək əlaqələrin digər istiqamətlərdə də genişləndirilməsində maraqlı olduqlarını bildirib.
"Azərbaycanla çox yaxşı siyasi münasibətlərimiz var və biz bu münasibətləri Azərbaycan xalqı ilə də davam etdirmək istəyirik. Mən bütün bu sahələrdə əməkdaşlıq etmək istəyirəm. İqtisadi sahəyə gəlincə, biz Azərbaycanla ticarət dövriyyəsini artırmaq üçün buradayıq. Ölkələrimizi birləşdirən mədəni əlaqələri də daha da dərinləşdirmək istəyirəm", - deyə o qeyd edib.
Diplomat iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün də potensialın olduğunu vurğulayıb.
"Bilirəm ki, keçmişdə Azərbaycanda "Klon" (The Clone) və "Tropikanka" (Tropicaliente) kimi bir çox Braziliya seriallarına baxılıb. Mən Braziliyanın Azərbaycandakı bu mövcudluğunu qoruyub saxlamaq və mədəni sahədə yaşatmaq istəyirəm", - deyə səfir əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре