Pakistan və Azərbaycan münasibətləri dostluq və qarşılıqlı hörmətə əsaslanır – səfir
Pakistan və Azərbaycan arasında möhkəm dostluq münasibətləri qarşılıqlı hörmət, mədəni əlaqələr və xalqlar arasında sıx təmaslar əsasında qurulub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Qasim Məhiyəddin Bakıda Pakistanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Q. Məhiyəddin Pakistanın müstəqil dövlət kimi yaranmasının tarixi əhəmiyyətini qeyd edərək, ölkənin qurucularının azadlıq və gələcək nəsillərin rifahı naminə böyük fədakarlıqlar etdiyini vurğulayıb.
Səfir, həmçinin Pakistan və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində mədəni və təhsil əlaqələrinin rolunu xüsusi qeyd edib. O bildirib ki, Bakı Dövlət Universitetində və Azərbaycan Dillər Universitetində urdu dili kafedralarının fəaliyyət göstərməsi bu istiqamətdə mühüm göstəricilərdən biridir.
"Dostluq və qarşılıqlı hörmətə əsaslanan məhz bu əlaqə bizim qardaşlığımızın təməlidir", - deyə Məhiyəddin bildirib.
Diplomat Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini ifadə edib.
Sonda Məhiyəddin Pakistanın Müstəqillik Günü tədbirində iştirak edən qonaqlara təşəkkürünü bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре