"Nippon Steel" Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə ümid edir
Yaponiyanın "Nippon Steel" şirkəti Azərbaycanı mühüm tərəfdaş hesab edir və ölkədə bp-nin neft-qaz layihələri üçün uzunmüddətli müqavilə çərçivəsində boru təchizatını davam etdirir.
Day.Az xəbər verir ki, bu barədə "Nippon Steel" şirkətinin marketinq üzrə nümayəndəsi Keyiçi Kuroda Aşqabadda keçirilən 31-ci Beynəlxalq "Türkmənistanın neft və qazı" (OGT 2026) konfransı və sərgisi çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
"Əvvəllər Azərbaycanda SOCAR ilə müqavilələrimiz olub. Hazırda isə Azərbaycanda bp-nin layihələri üçün uzunmüddətli müqavilə çərçivəsində neft nəqli boruları tədarük edirik", - deyə Kuroda bildirib.
Onun sözlərinə görə, layihələrin həyata keçirilməsində Yaponiyanın "Sumitomo Corporation" şirkəti də iştirak edir. Şirkət təchizat zəncirinin idarə edilməsi (SCM) də daxil olmaqla, yerində əməliyyat fəaliyyətini təmin edir.
"Biz boru təchizatını həyata keçiririk, "Sumitomo Corporation" isə SCM də daxil olmaqla, yerində əməliyyatları təmin edərək Azərbaycandakı layihələrin inkişafına əhəmiyyətli töhfə verir", - deyə "Nippon Steel" nümayəndəsi qeyd edib.
Kuroda şirkətin Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.
"Bizim üçün mühüm tərəfdaş olan Azərbaycanla əməkdaşlığımızı gələcəkdə də dərinləşdirməyə ümid edirik", - deyə o bildirib.
Qeyd edək ki, "Nippon Steel Corporation" 2012-ci ildə "Nippon Steel Corporation" və "Sumitomo Metal Industries" şirkətlərinin birləşməsi nəticəsində yaradılmış Yaponiyanın ən böyük metallurgiya şirkətlərindən biridir. Qrup polad, polad məhsulları, mühəndislik həlləri və yeni materialların istehsalı ilə məşğuldur. Şirkətin məlumatına görə, onun xam polad istehsalı üzrə ümumi gücü ildə təxminən 76 milyon ton təşkil edir.
"Nippon Steel"in fəaliyyət istiqamətlərindən biri neft-qaz sənayesi üçün boruların, o cümlədən quyuların qazılması və istismarı zamanı istifadə olunan OCTG borularının istehsalıdır. Şirkət həmçinin karbon qazı və hidrogen-sulfidin yüksək konsentrasiyası olan mühitlər də daxil olmaqla, aqressiv şəraitdə istifadə üçün korroziyaya davamlı ərintilərdən (CRA) hazırlanmış borular istehsal edir. Bu məhsullar avadanlıqların etibarlılığına dair yüksək tələblərin irəli sürüldüyü layihələrdə tətbiq olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре