Türkmənistanda tapılan neftçilərimiz dəfn olunublar - YENİLƏNİB - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
---------
13:15
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşən və meyitləri yanvarın 3-də Xəzər dənizinin Türkmənistan hissəsində tapılan 2 neftçi dəfn olunub.
"Report" xəbər verir ki, Quliyev Əzizağa Nöhbala oğlu Zirə qəbristanlığında dəfn edilib.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) idarə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ötən gün cəsədi Bakıya gətirilən Abdullayev Adil Ələkbər oğlu da bu gün Novxanı qəbristanlığında torpağa tapşırılıb.
-----------
10:48
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərin ikisinin meyidi ailələrinə təhvil verilib.
Bu barədə APA-ya SOCAR-ın "Azneft" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, bu gün saat 11:00-da neftçi Quliyev Əzizağa Nöhbala oğlu Bakının Zirə qəsəbəsindəki qəbristanlıqda dəfn olunacaq. Digər neftçi Abdullayev Adil Ələkbər oğlunun dəfn mərasimi isə Novxanı qəbristanlığında baş tutacaq.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, yanvarın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyidi Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Məlumat daxil olduqdan sonra meyitlərin gətirilməsi üçün dünən səhər Türkmənistana yola düşən FHN-in "BE-200ÇS" amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyatı üzrə təhvil verilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре