4 ay sonra dənizdən meyidi tapılan neftçi dəfn olundu

Day.Az представляет новость на азербайджанском языке

Bir neçə gün əvvəl Xəzər dənizinin Türkmənistan sahillərində tapılan və identifikasiya zamanı Edik Rzaxanova məxsus olduğu müəyyən edilən meyit bu gün dəfn edilib.

Day.Az anspress-ə istinadən bildirir ki, 28 may NQÇ idarəsinin 10 saylı dərin dəniz özülünün çilingəri Edik Rzaxanovun nəşi SOCAR tərəfindən Xaçmazın Xudat şəhərində yaşayan ailəsinə təhvil verilib. Mərhum neftçi Edik Rzaxanov bu gün Xudat  şəhər qəbristanlığında dəfn olunub. Dəfn mərasimində SOCAR-ın nümayəndələri, mərhumun ailə üzvləri və yaxınları, sakinlər, Xaçmaz Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Edikin atası bildirib ki, oğlunun tapılmasına şükür edir: "Oğlumun cəsədi 4 ay 3 gündən sonra tapıldı. Buna da şükür. Arzu edirəm ki, qalan neftçi qardaşlarımızı da tapıb ailələrinə təhvil versinlər".

SOCAR-ın 28 may neft-qaz çıxarma idarəsinin rəisi Rövşən Qarayev dekabrın 4-də baş vermiş dəniz faciəsi zamanı platformada 63 işçi olduğunu, qəzadan sonra 33 nəfər neftçinin xilas edildiyini deyib. Onun sözlərinə görə, indi dənizdə meyidi tapılanların sayı 13 nəfərə çatıb, 17 nəfər isə bu günə qədər itkin düşmüş sayılır.

İdarə rəisi dənizdə itkin düşmüş digər neftçilərin meyitlərinin tapılması üçün SOCAR-ın Xəzəryanı dövlətlərlə danışıqları davam etdirdiyini deyib.

Dövlət Neft şirkətinin rəsmisi faciə qurbanı olmuş neftçilərin ailələrinə qurum tərəfindən mənəvi və maddi dəstəyin davam etdiriləcəyini bildirib.

Bir müddət əvvəl Edikin qardaşı Natiq Rzaxanov açıqlama verərək bildirmişdi ki, qardaşının 3 qızı evdə onun yolunu gözləyir. Onun sözlərinə görə, qardaşı sonuncu dəfə evlə dekabrın 4-də - fırtına baş verən gün əlaqə saxlayıb: "Qardaşım 2008-ci ildən orada işləyir. 32 yaşlı Edikin 3 qız övladı var. Onlardan ən kiçiyi 5 aylıqdır - Jasmin. Sevincin 6, Nazlının isə 5 yaşı var". 

Natiqin sözlərinə görə, o, qardaşı ilə sonuncu dəfə noyabrın 29-da danışıb. O, son dəfə ailəsi ilə danışanda da dənizdə havadan şikayətlənib. Deyib ki, çox külək var. "Bu, qardaşımın son sözləri olub".

4 dekabr 2015-ci il tarixində "Günəşli" yatağında yerləşən 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza nəticəsində platformadakı 63 nəfər işçidən 29 yanvar 2016-cı il tarixə olan vəziyyətə əsasən, 33 nəfər xilas olub, 11 nəfər həlak olub və 19 nəfər itkin düşüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.