“Günəşli” yatağında həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldıldı - FOTOLAR

4 декабря 2016 01:23

Day.Az представляет новость на азербайджанском языке

2015-ci il dekabrın 4-də "Günəşli" yatağındakı 10 və "Neft Daşları"ndakı 501 saylı dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında ucaldılmış abidənin açılış mərasimi olub.

Day.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, mərasimdə çoxsaylı neftçilər, Pirallahı rayonu rəhbərliyi, faciə qurbanlarının doğmaları, ictimaiyyət nümayəndələri, Çilov adasının sakinləri iştirak ediblər.

Həlak olan neftçilərin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir. SOCAR prezidenti Rövnəq Abdullayev həlak olanların ailə üzvləri ilə birlikdə abidənin üzərindəki örtüyü götürmüş, önünə gül çələngi qoyub.

"Azneft" İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov ölkəmizdə neftçi əməyinin yüksək qiymətləndirilməsindən, 4 dekabr faciəsinin bütün Azərbaycan xalqını sarsıtmasından danışıb, qəza zamanı həyatlarını itirmiş neftçilərin il mərasimlərinin keçirilməsi üçün görülən tədbirlərdən söz açıb.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev təbiətin amansız qüvvələri ilə qeyri-bərabər mübarizədə canlarını qurban vermiş neftçilərin adının Azərbaycan neft sənayesi tarixinə əbədilik həkk olunduğunu söyləyib, dəniz neftçilərinin əmək fəaliyyəti zamanı daim təhlükələrlə üzləşdiklərindən danışıb.

"Təcrübəmdən bilirəm ki, neftçilərinin əməyinin ikiqat qəhrəmanlıq olması gəlişigözəl söz deyil, bu- bir həqiqətdir! Çünki dənizdə neftçinin hər günü mərdlik, igidlik, rəşadət nümunəsidir", - deyə R.Abdullayev bildirib.

1957-ci ildə 21 nəfər, 2015-ci ildə 30 nəfər neftçinin dənizdə həmişəlik qərq olduqlarını xatırladan SOCAR-ın prezidenti Xəzərin neftçi ruhunu, neftçi əzmini sındıra bilmədiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan neftçisi bütün çətinliklərə qələbə çalır, təbii fəlakətlər qarşısında bu gün də geri çəkilmir.

R.Abdullayev 4 dekabr faciəsinin bütün neftçilərin, xüsusilə dəniz neftçilərinin ümumi kədəri olduğunu söyləyib: "Amma biz nikbinik. Nikbinik ona görə ki, bizim yoldaşlarımız, silahdaşlarımız Vətənin rifahı üçün çalışıb, şərəflə yaşadılar, adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdılar".

"Neftçilərimizin xatirəsi hamımız üçün əzizdir, doğmadır. Bu gün açdığımız bu abidə də onların ruhu qarşısında bizim vəfa borcumuzdur. Bu abidə bizim and yerimiz, ziyarət yerimiz olacaqdır", - deyə SOCAR-ın prezidenti əlavə edib.

Sonra Çilov adasındakı 301 nömrəli məktəbin şagirdləri tərəfindən dəniz neftçilərinin əməyini tərənnüm edən bədii kompozisiya təqdim olunub.

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov 4 dekabr faciəsi zamanı həyatlarını itirmiş neftçilərə rəhmət diləyib, onların doğmalarına və bütün neftçilərə xoş günlər arzulayıb. Pirallahı rayonunun neftçilər rayonu olduğunu bildirən V.İmanov bu rayona göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Azərbaycan dövlətinin "Günəşli"dəki qəzada həlak olanların ailələrinə daim dəstək olduğunu söyləyən 4 dekabr hadisəsinin iştirakçısı Allahverdi Məmmədov deyib: "Biz xəstəxanada olanda da, sonralar da arxamızda dövlətimizin və şirkətimizin dəstəyini hiss etdik. Bu gün də dünyasını dəyişmiş yoldaşlarımın ailə üzvləri bu qayğını hər gün hiss edirlər".

Hadisənin digər iştirakçısı Mahal Yusifov bir il əvvəl "Günəşli"də baş vermiş qəzanı və itirdiyi iş yoldaşlarını hər gün xatırladığını bildirib: "Onlar Vətənin qüdrətinin möhkəmlənməsi uğrunda canlarını qurban verdilər. Vətən sağ olsun, dövlətimiz sağ olsun".

Həlak olmuş neftçilərin ailə üzvləri adından İman Qasımovun qardaşı Rafiq Qasımov çıxış edərək, 4 dekabr qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətindən danışıb, bu möhtəşəm abidənin ucaldılmasına görə təşəkkürünü bildirib.

Mərasim iştirakçıları 1997-ci ildə helikopter qəzası nəticəsində həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.