Bu şəxslərin pensiyalarına aylıq sabit əlavələr hesablanacaq
Yeni qaydalara əsasən, müəyyən kateqoriyadan olan vətəndaşların əmək pensiyalarına aylıq sabit əlavələr hesablanacaq.
Day.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat xatırladıb ki, "Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub. Dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək, onların qüvvədə olma tarixi isə cari ayın ilk günündən hesablanacaq.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, müəyyən kateqoriyadan olan vətəndaşların əmək pensiyalarına aylıq sabit əlavələr hesablanacaq. Belə ki, həmin şəxslərin sosial yığımları əsasında müəyyənləşdirilən pensiya məbləğinə sabit məbləğlər əlavə olunacaq və nəticədə onların aylıq pensiyaları artacaq.
Deputat qeyd edib ki, hazırda bu kateqoriyadan olan şəxslərin pensiya məbləği pensiyaya çıxarkən fərdi hesablarında toplanan pensiya kapitalına deyil, əməkhaqqının məbləğinə uyğun müəyyənləşdirilir. Yeni dəyişikliklər isə sığorta mexanizmini gücləndirir. Dəyişikliklər qüvvəyə mindikdən sonra həmin şəxslərin pensiyaları fərdi şəxsi hesablarında toplanan vəsait əsasında hesablanacaq və müəyyən edilmiş məbləğə sabit əlavələr ediləcək.
V.Bayramovun sözlərinə görə, söhbət dövlət qulluqçularından, Müdafiə Nazirliyinin hərbi qulluqçularından və digər bir sıra kateqoriyalara aid şəxslərdən gedir.
Deputat yeni mexanizmi nümunə ilə izah edərək bildirib ki, bu kateqoriyaya aid vətəndaşın pensiya kapitalı 100 min manat olduqda, həmin vəsaitin 85 faizi, yəni 85 min manat fərdi hesabda cəmləşəcək. Yığım əsaslı pensiya məbləğini müəyyənləşdirmək üçün bu məbləğ 144-ə bölünəcək.
Beləliklə, 85 min manatın 144-ə bölünməsi nəticəsində aylıq pensiyanın yığım əsaslı hissəsi təxminən 590,2 manat təşkil edəcək. Vətəndaş xüsusi kateqoriyaya aid olduğu üçün bu məbləğin üzərinə sabit əlavə hesablanacaq.
"Deməli, həmin vətəndaşımızın yığım əsaslı pensiya məbləği 590,2 manat olacaq. Vətəndaşımız qeyd edilən xüsusi kateqoriyaya daxil olduğu üçün onun yığım əsaslı pensiya məbləğinə sabit vəsait əlavə olunacaq", - deputat bildirib.
O, yeni qaydalarla pensiyanın və pensiya əlavəsinin proaktiv qaydada təyin ediləcəyini də vurğulayıb. Bu o deməkdir ki, həmin kateqoriyadan olan vətəndaşların pensiya və əlavələrinin təyin edilməsi üçün hər hansı dövlət qurumuna müraciət etməsinə ehtiyac qalmayacaq. Pensiya məbləği elektron qaydada müəyyənləşdiriləcək və təyin ediləcək.
V.Bayramov qeyd edib ki, təyin ediləcək aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək. Qanuna edilən dəyişikliklər təsdiqlənərkən imzalanacaq fərmanla aylıq pensiya əlavəsinin məbləğini müəyyən edəcək qurum da bəlli olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре