https://news.day.az/azerinews/1870756.html Səbinə Əliyevanın rəqibləri kimlərdir? – Hər iki namizədin dosyesi Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında Azərbaycan Respublikasının növbəti İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin adı açıqlanıb. Bunlar Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayevdir. Day.Az Trend-ə istinadən hər üç namizədin dosyesini təqdim edir:

Səbinə Əliyevanın rəqibləri kimlərdir? – Hər iki namizədin dosyesi

Azərbaycanca, 30 октября 2026 10:38 (UTC +04:00) 269
Səbinə Əliyevanın rəqibləri kimlərdir?

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında Azərbaycan Respublikasının növbəti İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin adı açıqlanıb.

Bunlar Səbinə Əliyeva, Elşanə Vəliyeva və Ceyhun Qaracayevdir.

Day.Az Trend-ə istinadən hər üç namizədin dosyesini təqdim edir:

Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 8 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2000-2002-ci illərdə isə magistratura təhsili alıb və hər iki pilləni fərqlənmə diplomu ilə başa vurub.

2009-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında beynəlxalq münasibətlər ixtisası üzrə əlavə ali təhsil alıb. 2016-cı ildə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan qanunvericiliyinə tətbiqinə dair dissertasiya işini müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb.

Əmək fəaliyyətinə 2000-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində başlayıb. Müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2015-ci ildə Konstitusiya Məhkəməsi Aparatı rəhbərinin müavini vəzifəsinə təyin olunub. 2016-cı ildə ona üçüncü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi verilib.

29 noyabr 2019-cu ildə Milli Məclis tərəfindən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) seçilib. Həmin vaxtdan bu vəzifəni icra edir. Ombudsman kimi onun əsas fəaliyyət istiqamətləri insan və vətəndaş hüquqlarının müdafiəsi, hüquq və azadlıqların pozulması hallarının araşdırılması, dövlət orqanlarının fəaliyyətində insan hüquqlarına riayət olunmasına nəzarət və hüquqi maarifləndirmədir.

Beynəlxalq fəaliyyəti çərçivəsində 2023-cü ildə Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilib. Həmin il İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinə üzv seçilib. O, həmçinin Azərbaycan Prezidentinin təsis etdiyi "Yüksəliş" müsabiqəsinin mentorudur və COP29 Təşkilat Komitəsinin üzvü olub.

Elşanə Rafiq qızı Vəliyeva 1975-ci ildə anadan olub. 1994-2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb.

Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsində ikinci dərəcəli mütəxəssis kimi başlayıb. 1993-1998-ci illərdə həmin məhkəmənin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 1998-2000-ci illərdə İqtisad Məhkəməsində baş mütəxəssis, 2000-2007-ci illərdə isə məhkəmə iclaslarının katibi olub.

2007-ci ildə hakimlik fəaliyyətinə başlayaraq Nərimanov Rayon Məhkəməsinə hakim təyin edilib. 2010-cu ildə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə keçirilib. 2017-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi kimi fəaliyyət göstərir.

Vəliyevanın peşəkar fəaliyyətinin əsas istiqaməti məhkəmə hakimiyyətinin həyata keçirilməsi və hüquqi mübahisələrin qanunvericiliyə uyğun həllidir. O, hazırda Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimləri sırasındadır. Bu istiqamətdə fəaliyyəti inzibati mübahisələrə, dövlət idarəetməsi ilə bağlı hüquqi məsələlərə və inzibati məhkəmə icraatına dair işlərə baxılmasını əhatə edir.

2023-cü ildən Hakimlərin Seçki Komitəsinin üzvüdür. 11 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Ceyhun Yasinəli oğlu Qaracayev 20 iyun 1965-ci ildə Bakı şəhərində anadan olub. 1987-1993-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünas ixtisası üzrə ali təhsil alıb. 1994-1997-ci illərdə Odessa Dövlət Hüquq Akademiyasının aspiranturasında təhsilini davam etdirib.

1998-ci ildə Müstəqil Dövlətlər Birliyində konstitusiya hüquq və azadlıqları, eləcə də beynəlxalq hüquq standartlarının Ukrayna, Rusiya və Azərbaycan təcrübəsində tətbiqi mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edib. 2003-2006-cı illərdə milli təhlükəsizliyin təmin edilməsində insan hüquqlarının qanuni məhdudlaşdırılmasının hədləri mövzusunda doktorantura təhsili alıb. 2017-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin nəzəriyyə və təcrübəsinə dair doktorluq dissertasiyasını müdafiə edib. 2018-ci ildə ona hüquq elmləri doktoru elmi dərəcəsi verilib.

Əmək fəaliyyətinə 1980-ci illərdə məhkəmə və daxili işlər orqanlarında başlayıb. 1997-1999-cu illərdə Odessa Milli Hüquq Akademiyasının Konstitusiya hüququ kafedrasında baş müəllim, 1999-2006-cı illərdə Azərbaycan Universitetinin Konstitusiya hüququ kafedrasının müdiri vəzifəsində çalışıb. Eyni zamanda Azərbaycan Respublikası Milli Təhlükəsizlik Akademiyasında konstitusiya hüququ və hüquq nəzəriyyəsi üzrə dərs deyib.

2006-2008-ci illərdə Milli Məclisin Hüquq siyasəti daimi komitəsinin eksperti, 2008-2010-cu illərdə isə Milli Məclis Aparatının Konstitusiya hüququ və dövlət quruculuğu sahəsi üzrə qanunvericilik şöbəsi müdirinin müavini olub.

2010-2025-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 2017-ci ildən Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının professorudur. 2019-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən Hüquq elmləri üzrə ekspert şurasının üzvüdür.

Beynəlxalq fəaliyyətində də iştirak edən Qaracayev 2016-cı ildən İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) müstəqil eksperti kimi fəaliyyət göstərir. Onun mandatı 2028-ci ilədək nəzərdə tutulub. Hüquq və insan hüquqları sahəsində Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Almaniya və digər ölkələrdə 140-dan çox elmi nəşrin müəllifidir.

Dövlət tərəfindən bir sıra təltiflərə layiq görülüb. 2018-ci ildə "Tərəqqi" medalı, 2019-cu ildə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı, 2023-cü ildə üçüncü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 2024-cü ildə isə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" medalı ilə təltif olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости