Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyası nə vaxt başa çatacaq?

Day.Az представляет новость на азербайджанском языке

NATO tərəfindən Əfqanıstanda həyata keçirilən "Qətiyyətli dəstək" missiyasının başa çatma tarixi yoxdur.

Bunu Trend-ə və Azernews-a müsahibədə NATO-nun rəsmi nümayəndəsi deyib.

O bildirib: "Vəziyyət hələ də çətin olsa da, Əfqanıstan Silahlı Qüvvələri müəyyən irəliləyiş əldə edib. Əfqanstan xüsusi təyinatlıları bütün əməliyyatların 80 faizini müstəqil şəkildə həyata keçirib".

NATO nümayəndəsi qeyd edib ki, Əfqanıstanın təhlükəsizlik qüvvələri terrorçuluqla mübarizəni davam etdirir: "Biz bu ölkənin təhlükəsizlik qüvvələrinə dəstəyimizi "Qətiyyətli dəstək" missiyası çərçivəsində treninqlər və məsləhətləşmələr keçirməklə davam etdiririk".

Rəsmi nümayəndə əlavə edib ki, əsas diqqət Əfqanıstanın yenidən terrorçuların sığınacağına çevrilməməsi üçün hərbi imkanların genişləndirilməsinə yönəldilir.

Qeyd edək ki, hazırda "Qətiyyətli dəstək" missiyası çərçivəsində 39 ölkədən 13 mindən çox hərbçi xidmət göstərir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayı gələn ilin ilk rübünədək artırılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.