Rəssamlarımızın əsərləri “Sotheby’s” satış-sərgisində nümayiş olunur

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycan rəssamlarının əsərləri "Sotheby's" satış-sərgisində nümayiş etdirilir
 

Martın 27-də Londondakı "Sotheby's" hərrac evində Mərkəzi Asiya və Qafqaz ölkələri rəssamlarının əsərlərinin satış-sərgisi açılmışdır. "Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət" devizi altında keçirilən sərgidə Mərkəzi Asiya respublikaları, İran, Türkiyə və Cənubi Qafqaz ölkələrindən müasir dövr rəssamlarının 59 əsəri nümayiş olunur. Tədbirə "PASHA Bank" sponsorluq edir.

Dünyaca məşhur hərrac evində region ölkələrinin, o cümlədən Azərbaycanın müasir rəssamlarının əsərlərindən ibarət sərgi artıq ikinci dəfədir ki, geniş auditoriyaya təqdim olunur. Budəfəki sərgidə Azərbaycan rəssamlarının 10 işi nümayiş etdirilir. Sərgidə üç nəsil rəssamlarımızın portret janrında əsərləri yer almışdır. Rəsmlərin mövzusu isə müxtəlifdir. Əsərlərdə Azərbaycanın qədim və zəngin mədəniyyəti ilə bağlı mövzular əksini tapmışdır.

Tahir Salahov, Mirnadir Zeynalov, Aida Mahmudova, Tofiq Cavadov, Aydan Salahova, Toğrul Nərimanbəyov, Cavad Mircavadov, Faiq Əhməd, Rəşad Ələkbərov və Rauf Məmmədovun sərgidə nümayiş olunan əsərləri son 50 ildə Azərbaycan təsviri sənətinin nə dərəcədə rəngarəng olduğunu və inkişaf etdiyini göstərir.
 

Xatırladaq ki, 2013-cü ilin martında "Sotheby's" hərrac evi ilk dəfə Qafqaz və Mərkəzi Asiya ölkələrinin müasir incəsənət nümunələrinin satış-sərgisini təşkil etmişdi. Sərgidə 1960-cı illərin nonkonformizm və sosrealizmindən yeni bədii təcrübələrədək olan dövrü əhatə edən 50-dək əsər satışa çıxarılmışdı.
"Yol ayrıcında: İstanbuldan Kabilə qədər müasir incəsənət" sərgisi əhatə etdiyi ölkələrin bir-biriləri ilə qarşılıqlı əlaqələrinin sənət aləminə təcəssümünü əks etdirir. Bu sözləri satış-sərginin kuratoru Suad Qarayeva jurnalistlərə müsahibəsində demişdir.

S.Qarayeva bildirmişdir ki, bu il ikinci dəfə təşkil edilən sərginin əhatə dairəsi genişlənmiş, Türkiyə, İran və Əfqanıstan kimi ölkələrin rəssamlarının da iştirakı təmin olunmuşdur. Sərginin əhatə dairəsinin genişlənməsi həm də bu ölkələrin bir-biriləri ilə müxtəlif sahələrdə qarşılıqlı əlaqələrinin sənət aləmində təcəssümünü əks etdirir. Ötən il keçirilən sərginin uğurla başa çatdığını söyləyən kurator builki sərgiyə də böyük ümidlər bəsləndiyini bildirmişdir. O, gələcəkdə də bu sahədə fəaliyyətlərini davam etdirəcəklərini vurğulamışdır.

Sərgi aprelin 1-dək davam edəcəkdir.
 

"Sotheby's" 1744-cü ildən sənət əsərləri kolleksiyaçılarını öz ətrafında birləşdirən dünyanın ilk beynəlxalq hərrac evidir. Hazırda "Sotheby's" Nyu-York, London və Parisin onlarla satış mərkəzlərində hərraclar təşkil edir, 40 ölkədə 90-dan çox ofis şəbəkəsinə malikdir.