Eldar Mahmudovla Hacı Məmmədovu bağlayan tellər
Day.Az представляет новость на азербайджанском языке
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması ilə Azərbaycanda başlayan "17 oktyabr inqilabı" - generalların həbsi də daxil, yüksək vəzifəli məmurların qandallanması davam edir. Azərbaycan müstəqillik qazandıqdan üzü bəri ilk dəfədir ki, hakimiyyət daxilində bu qədər miqyaslı həbslərə şahidlik edirik.
"Niyə məhz indi?", "Niyə məhz Eldar Mahmudov?", "Niyə bu qədər əhatəli və güzəştsiz", "Əli Abbasovun əsl suçu nə?" sualları ətrafında bu günlər onlarla yazılar, versiyalar, şərhlər dərc olunub. Amma mənzərə hələ də tam aydın deyil: cavabını gözləyən suallar çoxdur.

Əsas görünən odur ki, MTN adlı bir struktur və ona rəhbərlik edənlər prezidentin etimadından sui-istifadə edərək, dövlətin içərisində "mafiyasayağı masa" quraraq cəza aparatı yaradıblar, general mundiri geyinib quldurluq, soyğunçuluq ediblər, hətta nazirlərə "haqq" kəsiblər, özlərinin poqonlu "memati"ləri, "abdulheylər"i vasitəsilə məmurları, iş adamlarını görüntülü izləyiblər, sonradan onlara paketlərdə disklər göndərərək şantaj ediblər, biznesmenlərdən külli miqdarda pul alıblar, onların rəhbərlik etdiyi dövlət orqanlarına öz adamlarını təyin etdirərək strukturlara nəzarəti ələ keçiriblər. Eldar Mahmudov çetesini illərcə bunca güclü edən, hər yerdə adamlarını yerləşdirməsinin, bəzi çox yüksək vəzifəli məmurlara "haqq qoyması"nın şok səbəbi həm də budur: şantaj!

musavat.com bildirir ki, sahibkarların bir neçəsi bu yolla müflis edilib, indi susmaqdan başqa çarələri də yoxdur. Onlar "daha heç nəyim qalmadı, hamısını sizə verdim" deyəndə belələrinə pul da təklif edilib. Bəzi borclu sahibkarlar bunu Beynəlxalq Bank skandalı üzə çıxanda istintaqda etiraf etməli olublar, bəziləri isə hələ də susur... Mafiyanın ən klassik üç üsulu qandallanmış MTN generallarının iş prinsipinə çevrilibmiş: təhdid, zorakılıq, şantaj...
Şübhələr var ki, MTN-də dağıdılan masanın əsas gəlir yeri həm də narkotik trafiki ilə bağlı ola bilər. Azərbaycanın beynəlxalq narkotrafik tacirləri üçün Avropaya keçid zonası olduğu bəllidir. İfşa olunan MTN generalitetinin bu trafikdən nə qədər qazandığı və ya belə əməliyyatları həqiqətən də məhz Azərbaycan üzərində keçirdiyi barədə dəqiq və təsdiqlənmiş bilgi yoxdur. Amma bununla bağlı ciddi şübhələrə əsas var.
Daha bir sensasion, bəlkə də Eldar Mahmudov müəmmasında açar ola biləcək xəbər isə "MTN masasının" təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da sahibkarlara "haqq qoymaq" niyyətinə ilə bağlıdır. Bundan əvvəl də qandallanmış general Akif Çovdarov vasitəsilə Rusiyanın ayrı-ayrı şəhərlərində iş adamlarının incidilməsi, kimlərə isə "krışalıq" (himayə) təklif edilməsi barədə xəbərlər vardı. Redaksiyamıza daxil olan xəbərə görə isə E.Mahmudov şəxsən özü Rusiya hüquq-mühafizə orqanlarından birinin rəhbərliyində çalışan generalla görüşündə bir siyahı göstərib.

Mənbəmiz deyir ki, o zaman nazir olan Mahmudovun siyahısında Rusiyanın biznes elitasının ən tanınmış adamlarının, hətta "Forbes"un milyarderlər siyahısında olanlar varmış... MTN sefi həmin milyonçuları "ilişdirmək" üçün yardım istəyib. Qaynağımız iddia edir ki, həmin siyahıda Rusiyadakı azərbaycanlı biznesmenlərdən də bəzi isimlərin adı olduğu istisna deyil. Həmin general isə siyahıda olanların adlarını oxuduqda təəccüb və heyrətini gizlətməyib.

Daha bir şok xəbərsə bundan ibarətdir: MTN-də saxlanan qanqster-polkovnik Hacı Məmmədovdan müxtəlif səviyyəli iş adamlarını ilişdirmək üçün istifadə olunub. Belə ki, Hacı Məmmədova telefon əlaqəsi şəraiti yaradılır; o isə əvvəllər tanıdığı iş adamlarından bəzilərinə telefon açır; onlarla hər hansı məzmunlu danışıq aparır, nəsə istəyir; daha sonra o, işini bitmiş sayır. Bir neçə saat sonra ifşa olunan MTN rəhbərləri həmin iş adamına qarşı xüsusi əməliyyata start verirlər. Onları maskalılar başlarına çuval keçirərək, saxlayır, MTN-ə gətirir; qeyri-rəsmi olaraq istintaqa cəlb olunurlar. İttiham da budur: "Hacı Məmmədovla əlaqə saxlamısan, onunla telefon danışıqları aparmısan"...
Onu da qeyd edək ki, bu cür məlumatlar çoxdur; qəzetimiz onları saf-çürük edərək, ifşa olunan MTN rəhbərlərinin ölkənin iş sektorunu necə məhv etməsi prosesini ictimaiyyətə açıqlayacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре