Dəhşətli avtobus qəzası ilə bağlı

Day.Az представляет новость на азербайджанском языке

---------
19:39

Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu paytaxtda baş verən avtobus qəzası ilə bağlı birgə məlumat yayıb.

Milli.Az-a daxil olan məlumatda qeyd olunur ki, fevralın 24-də paytyaxtın Nizami rayonu ərazisində Anar İsmayılovun idarə etdiyi "İsuzu" markalı, 10 TC 962 dövlət qeydiyyat nişanlı 62 saylı marşrut xəttində işləyən avtobus işıqforun qadağanedici siqnalında hərəkətdə olarkənRəfael Musayevin idarə etdiyi "Daewoo" markalı, 90 HS 692 dövlət qeydiyyat nişanlı 36 saylı marşrut xəttində işləyən avtobusla toqquşub. Hadisə nəticəsində "İsuzu" markalı avtobusun sərnişini Nəsirov Asif Yusif oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişinlərdən 12-si isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına yerləşdirilib. Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla yol nəqliyyat hadisəsinin "İsuzu" markalı avtobusun sürücüsü A.İsmayılov tərəfindən törədilməsinə əsaslı şübhələr olduğundan, o tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

----------
16:01

Bu gün səhər saatlarında baş verən qəza avtobus sürücülərinin yol hərəkəti qaydalarına riayət etmədiyi, qeyri-pəşəkar olduğunu bir daha təsdiqlədi.

62 saylı marşrutun sahibi,"Sahil" MMC-nin rəhbəri Alim Rəcəbov qəzanın baş verməsində 36 saylı marşrutun sürücüsünü günahlandırmışdı.

36 saylı marşuruta nəzarət edən Ceyhun Qasımov isə qarşı tərəfi günahkar bilir.

C.Qasımov virtualaz.org saytına bildirib ki, qəza sürücünün qeyri-peşəkarlığından baş verib: 62 saylı marşrut işıqforun qırmızı işığında keçib və qarşı tərəfdən gələn marşrutun yoluna çıxıb. Nəticədə, qəza baş verib. 36 saylı marşrutun sürücüsü xəsarət alıb, xəstəxanaya yerləşdirilib. Lakin 62 saylı marşrutun sürücüsü hadisə yerini tərk edib".

C.Qasımov deyib ki, 62 saylı marşrutda olan sərnişinlərdən biri dünyasını dəyişib: "Dünyasını dəyişən sərnişinin oğlu da avtobusda olub. O, avtobusun işıqforun qırmızı işığında hərəkət etdiyini təsdiqlədi. Amma qarşı tərəf bizim marşrutu günahlandırır".

----------
12:03

Bakıda baş verən avtobus qəzasında ölən və xəsarət alanların kimliyi açıqlanıb.

APA-nın 3 saylı şəhər Klinik Xəstəxanasında olan əməkdaşının verdiyi məlumata görə, hadisə nəticəsində xəsarət alan 12 nəfər bu xəstəxanaya gətirilib. Onlardan 8 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Həmin şəxslər aşağıdakılardır:

1994-cü il təvəllüdlü Mirzəzadə Nərmin Cavanşir qızı
1960-cı il təvəllüdlü Səfərov İlqar Bulud oğlu
1983-cü il təvəllüdlü Seyidli Sənubər Mirqədim qızı
1985-ci il təvəllüdlü Qurbanov Zahir Zahid oğlu
1992-ci il təvəllüdlü Nəsirov Vüsal Asif oğlu
1965-ci il təvəllüdlü Zahidov Çingiz Abdul oğlu
1999-cu il təvəllüdlü Quliyev Yusif Xanoğlan
1986-cı il təvəllüdlü Mustafayev Ruslan Babaş

Xəstəxananın həkim-travmotoloqu Ədalət Abdullayev APA-ya bildirib ki, digər 4 nəfərin isə vəziyyəti orta-ağır qiymətləndirilir və onların müalicəsi davam etdirilir. Həmin şəxslər aşağıdakılardır:

1986-cı il təvəllüdlü Səmədov Emil Siyasət oğlu
1961-ci il təvəllüdlü Xəlilova Münəvvər Abdulla qızı
1980-cı il təvəllüdlü Musayev Rafael Məmməd oğlu
1981-ci il təvəllüdlü Ağayev Sadiq Ağayar oğlu

Qeyd edək ki, məlum qəza hadisəsi bu gün səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan marşrut avtobusu işıqforun qırmızı işığında dayanmayıb, hərəkəti davam etdirib. Nəticədə 36 saylı xətt avtobusu və "Nissan" markalı minik avtomobili ilə toqquşub. Nəticədə 62 saylı avtobusun sərnişinlərdən Asif Yusif oğlu Nəsirov hadisə yerində ölüb. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.

---------
11:56

Avtobus qəzası nətciəsində xəstəxanaya yerləşdirilən yaralalıların sayı 4 nəfərdir.

Bunu Trend-ə 3 saylı şəhər Kliniki Xəstəxanasının növbətçi hissəsindən bildiriblər.

Yaralanan şəxslər bunlardır - Xəlilova Münəvvər, Səmədov Emin, Ağayarov Sadiq və Musayev Rafaeldir.

Xəstəxanadan deyiblər ki, onların hamısının vəziyyəti ağır olduğu üçün saxlanlıblar: "Onların hamısı döş qəfəsindən xəsarətlər alıblar. Digər yaralıların vəziyyəti yüngül olduğu üçün onlar ev şəraitində müalicə üçün buraxılıblar".

Qeyd edək ki, bu gün Bakının Nizami rayonu ərazisində marşrut avtobusunda qəza baş verib. Nəticədə xəsarət alan 10 nəfərdən artıq sərnişin 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Bu barədə Trend-ə xəstəxananın baş həkiminin müavini Əbülfəz Hüseynov məlumat verib.

Nizami rayon Prokurorluğundan isə Trend-ə bildiriblər ki, hazırda prokurorluq əməkdaşları hadisə yerindədir. Hadisə nəticəsində hələlik 1 nəfərin öldüyü barədə prokurorluğa məlumat daxil olub. Hadisə nəticəsində yaralananların sayı isə məlum deyil.

Xatırladaq ki, bu gün səhər saatlarında 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu Nizami rayonu ərazisində minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobus aşıb.

---------
11:38

"Bakıda baş verən avtobus qəzası ilə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən yaralılara hazırda həkimlər yardım göstərir. Yaralıların əksəriyyətinin diaqnozu travmalardır".

Bunu "Report"a xəstəxananın baş həkimi Fikrət Zeynalov deyib. Onun sözlərinə görə, qəzada yaralanan qadın və kişi sərnişinlərin arasında vəziyyəti ağır olan yoxdur.

Qeyd edək ki, avtobus qəzası Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

---------
11:07

Bakıda baş verən avtobus qəzasında ölən şəxsin kimliyi açıqlanıb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 62 saylı xətt marşrutu üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı marşrut avtobusunun "Nissan" markalı minik avtomobili ilə toqquşması nəticəsində avtobusda olan sərnişinlərdən Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib. Onun keçmiş polis əməkdaşı olduğu bildirilir.

Hadisə şahidlərinin dediyinə görə, qəzaya avtobusun işıqforu qırmızı işıqda keçməsi səbəb olub.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırmaları davam etdirir.

---------
10:42

Bakıda sərnişin avtobusu qəzaya düşüb.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Qara Qarayev" stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı Şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

Məlumata görə, qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

------------

15:57

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda avtobus qəzası: ölən və 10-dan çox yaralı var

Bakıda avtobus qəzası: ölən və 10-dan çox yaralı var - 1