Husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər
Yəməndə "Ənsar-Allah" hərəkatından olan husilər Səudiyyə Ərəbistanını dəniz blokadasına aldıqlarını elan ediblər.
Day.Az xəbər verir ki, "Al-jazeera" telekanalının məlumatına görə, bu barədə hərəkatın nümayəndəsi Yəhya Sari mətbuat konfransında bildirib.
Husi sözçüsü bunun Səudiyyənin Yəmən limanlarını blokadaya almasına və Səna beynəlxalq aeroportuna zərbələr endirməsinə cavab olduğunu söyləyib.
"Xalqımız bu ədalətsiz mühasirə və təcavüz qarşısında səssiz qala bilməz... Onların bu ədalətsiz mühasirə və təcavüzə qarşı bütün mövcud vasitələrdən istifadə etməklə müqavimət göstərməyə tam hüququ var", - deyə Sari bildirib.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре