Nəsibə Zeynalovasız keçən illər

Day.Az представляет новость на азербайджанском языке.

Nədənsə Nəsibə Zeynalova adının qarşısında başqa bir söz əlavə etməyə ehtiyac görmürəm. Yaratdığı obrazlarla təkrarolunmazlığını sübut edən Nəsibə Zeynalova sənətdə öz möhürünü çoxdan vurub. Niyə məhz qaynana adı çəkiləndə ilk olaraq Nəsibə xanım gözümüzün önünə gəlir? Çünki o yaratdığı obrazla əvəzolunmaz "Qaynana"nı yaratdı. Nə qədər keşməkeşli, acı, çətin həyatı olsa da yaşayıb-yaratdığı illərdə heç vaxt tamaşaçını kədərləndirmədi. Yalnız onun ölümü "Qaynana" sevənləri məyus etdi. Nəinki "Qaynana" sevənləri, eləcə də Azərbaycan teatrını, kinosunun gözünü də ağlar qoydu. Bu gün dünyasını dəyişməsinə baxmayaraq yenə də yaratdığı obrazlara baxıb qəhqəhə çəkərək gülürük. "Nəsibə xanım bu rolu çox gözəl oynadı" demək də sanki qəbahətdir. Çünki o həmin rolu oynamırdı, yaşayırdı.
 

"Qaynana" filmində yaratdığı "Cənnət xala", "Hicran" tamaşasındakı "Qızbacı" obrazı hər zaman tamaşaçını gülüş içində boğub.Onun içində bir zaman aktrisa olacağına ümid vardı. Elə uşaq ikən atasının yolunu davam etdirəcəyini deyən Nəsibə xanım, anasının etirazlarına baxmayaraq öz qətiyyətli fikrindən heç vaxt dönməyib. Atası Cahangir Zeynalovun 60 yaşı olarkən dünyaya gələn balaca Nəsibə böyüdükdən sonra anasını və özünü maddi sıxıntının girdabından xilas etmək üçün fəhlə kimi işləməyi qərara alır. Zavodda Nəsibənin istedadını görən Şəmsi Bədəlbəyli beləcə bu yolda addımlamaq üçün ona geniş bir cığır açır. Yavaş-yavaş kino və teatr sahəsində ilk addımlarını atan Nəsibə Zeynalova yaranan fürsətdən istifadə edərək öz istedadını, məharətini hər kəsə göstərmiş olur. O, yaratdığı rolun ssenarisini öyrənməklə də kifayətlənmir. Özünün o həzin dilini, maraqlı, duzlu-məzəli sözlərini də həmin ssenariyə əlavə edərək tamaşaçının ən incə damarını tutmağı bacaran Nəsibə xanım söz qarşısında da heç vaxt aciz qalmayıb. Həmişə "Qaynana" və digər film, tamaşalarda tamaşaçının sevimlisi olmaq, onun üzündə bol-bol gülüş yaratmaq üçün sünilikdən qaçaraq, daha təbii səslənən nitqə üstünlük verib. Nəsibə xanımın yaratdığı obrazlarla səsləndirdiyi ifadələri də hər zaman dillər əzbəri olub. "Ağəz dəlidir də, sarsaqlayır da", "Ay səni görüm, ananın qarnına şiş batsın, səni doğan yerdə", "Ədə Krişa, itinə de ki, bizim qapıdan keçəndə hürməsin", "Sülh quşu özü gəlib sənin başına qonmuşdu" kimi digər maraqlı deyimləri ilə bütün həmkarlarından fərqlənən Nəsibə Zeynalovanın yoxluğu həqiqətən də tamaşaçı üçün acı bir gerçəklikdir.
 

Bu gün çəkilən hər film də bir o qədər sevilmir. Səbəbi isə filmlərdə Nəsibə Zeynalova nəfəsinin duyulmamasıdır. Azərbaycan tamaşaçısı məşhur gülüş ustasının rol aldığı filmləri hər zaman ekran qarşısında oturaraq, bezmədən, yorulmadan dəfələrlə belə izləməyə hazırdı. Çünki həmişəki kimi yenə də qəhqəhə çəkərək bizi güldürəcəyini bilirik. İstənilən tamaşaçıdan onun rol aldığı filmləri nə qədər izlədiyini soruşsaq yəqin ki, heç kəs dəqiq cavab verə bilməyəcək. Səhnəyə gəlişi ilə hər kəsi güldürdü, gedişi ilə isə tamaşaçını göz yaşlarına qərq etdi. Kiçikdən-böyüyə hər kəsin qəlbində nur, üzündə təbəssüm yaradan Nəsibə xanım gözəl ana, nənə, həm də QAYNANA olması ilə də heç vaxt yaddaşımızdan silinməyəcək.
 

/Olaylar.az/