Rusiya inkişaf etməkdə olan ölkələrin Yerin yaxın orbitinin çirklənməsinə qarşı mübarizəsini dəstəkləyir - Nazir müavini
Rusiya Yerin yaxın orbitinin çirklənməsinə qarşı mübarizədə inkişaf etməkdə olan ölkələrin təşəbbüslərini dəstəkləyir.
Day.Az xəbər verir ki, bunu Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya nazirinin müavini Qriqori BorisenkoBakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransında (WTDC-25) çıxışında deyib.
Onun sözlərinə görə, rəqəmsal texnologiyaların sürətli inkişafı yeni tələblər formalaşdırır və həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə almaq vacibdir:
"Biz süni intellekt, metakainat, böyük məlumatlar və digər bu kimi qabaqcıl istiqamətlərin öyrənilməsini fəal şəkildə dəstəkləyirik. Texnoloji tərəqqi qlobal bərabərsizliyi dərinləşdirməyə yox, aradan qaldırmağa xidmət etməlidir. Biz əminik ki, texnoloji inkişaf bərabərsizliyin artırılması üçün yox, azaldılması üçün vasitə olmalıdır".
Nazir müavini vurğulayıb ki, Rusiyanın prioriteti hər bir ölkə üçün açıq, təhlükəsiz və faydalı olacaq gələcəyin texnoloji mühitini formalaşdırmaqdır:
"Bizim əsas prioritetimiz gələcəyin etibarlı texnoloji dünyasını yaratmaqdır - hamı üçün açıq, təhlükəsiz və faydalı bir dünya".
Kosmik məkanın təhlükəsizliyi məsələsinə toxunan Borisenko qeyd edib ki, Rusiya inkişaf etməkdə olan ölkələrin Yerin yaxın orbitinin çirklənməsinə qarşı mübarizə təşəbbüslərini dəstəkləyir:
"Bu istiqamət kosmosu gələcək nəsillər üçün təhlükəsiz mühit kimi qorumağa, rabitə və naviqasiya üçün vacib olan aktiv peyk sistemlərini müdafiə etməyə xidmət edir. Biz, həmçinin, orbit-frekans resursunun bərpasına dair qətnaməni də dəstəkləyirik. Bu qətnamə orbitin istifadə olunmayan peyklərdən və spekulyativ müraciətlərdən təmizlənməsinə, eləcə də inkişaf etməkdə olan ölkələr üçün bərabər imkanların yaradılmasına kömək edəcək", - deyə o əlavə edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре